Rusiyanın Ukraynaya qarşı ehtiyat planı - separatçıları tanımaq ANALİTİK+AKTUAL

Rusiyanın Ukraynaya qarşı ehtiyat planı - separatçıları tanımaq ANALİTİK+AKTUAL

Kiyev isə Moskvanın qarşısından geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir

Rusiyanın Ukrayna ilə bağlı, daha dəqiq desək, Donetsk və Luqanskla bağlı müharibə planlarının hələ ki, realizə etməməsi, daha doğrusu, təxirə salması, qonşunlarını sərhədlərdəki mümkün hücum mövqelərindən geriyə çəkməsi, əslində, eskalasiya halının kənarlaşdırılması anlamını daşımır. Əslində, Kreml Kiyevə qarşı ambisiyalarını digər vasitələrlə və ehtiyat planlarını işə salması ilə davam etdirməkdədir. Məlum oldu ki, Rusiya Dumasının iclasında prezident Vladimir Putinə müraciət üçün layihə səsə qoyulub və həmin layihədə tanınmayan separatçı Donetsk və Luqansk adlı qondarma qurumlarının rəsmən tanınması məsələsi qaldırılıb. Yəni fakt budur ki, Rusiya Ukraynaya əzələ nümayişi etdirdi və bunun nəticəsiz qalacağını əvvəlcədən bildiyi üçün ehtiyat planını icra etmək qərarını verdi. Həmin plan isə separatçıları tanımaq, bu vasitə ilə Kiyevə təsir imkanlarını yürütməkdir. Amma Kiyev bu təsirə boyun əyəcəkmi?

Rada Donetsk və Luqanskdakı separatçıları terror təşkilatları kimi tanıdı

Beləliklə, ambisiyalar qalmaqdadır və əlbəttə ki, Ukraynanın da siyasi isteblişmenti həmin addımların atılacağını yaxşı bilirdi və əbəs deyil ki, Radanın növbədənkənar iclasında cavab tədbiri görülüb. Ukrayna parlamenti Donetsk və Luqanskdakı separatçıları terror təşkilatları kimi tanıdı. Bu isə həm də belə deməyə zəmin yaradır ki, özlərini Ukraynanın yanında göstərən Qərb ölkələri də bu qurumları terror təşkilatları kimi tanıyacaqlar və söz yox ki, həmin proses onsuz da Rusiya ilə soyuq münasibətləri daha da dərinləşdirəcək. Habelə, Ukrayna istənilən anda öz hüquqlarından istifadə edərək separatçıların yığıldıqları ərazilərdə anti-terror əməliyyatlarını gerçəkləşdirə bilər.

Daha bir maraqlı məqam budur ki, Ukraynanı silah təchiz edən ABŞ, Böyük Brtitaniya, Kanada və s. kimi ölkələr bu addımlarında yanılmadılar. Onlar sübut etdilər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş tutardısa, NATO ölkələri silahlı qarşıdurmalara qatılmayacaqlar, amma ən müasir silah təchizatlarını davam etdirəcəklər.

Üstəlik, Şərqə doğru genişlənən NATO ABŞ-ın vasitəçiliyi ilə Polşaya, Baltikyanı ölkələrə, hətta zirehli texnikalarını belə eşalonlarla daşıya biləcəyini əməli şəkildə sübuta yetirdi. Belə vəziyyətdə Rumıniyanın da Amerika hərbçilərini dəvət etmələri cərəyan edən hadisələrə öz təsirlərini göstərmiş oldu.

Rusiya Zelenskinin xalqa müraciətindən sonra geri çəkildi, yoxsa Kreml daha bir gizli planını işləyir?

Lakin daha bir maraqlı məqamlardan biri də Ukrayna prezidenti Zelenskinin xalqa müraciəti oldu, üstəlik, fevralın 16-nı milli vəhdət günü elan edən prezident eyham vurdu ki, həmin gün savaş başlaya bilər. Bu müraciət Moskvanı istər-istəməz düşünməyə vadar etdi. Düzdür, ukraynalı iş adamlarının əksəriyyəti, hətta deputatları ölkələrini tərk etsələr də, prezident onları 24 saat içində geri dönmələri tapşırığını verdi. Bu tapşırıq isə həm də belə qənaətə gəlməyə zəmin yaratdı ki, Ukrayna müharibənin başlanması ehtimalına kifayət qədər ciddi yanaşır və Rusiyaya çox ağır müqavimətlərin göstəriləcəyi an məsələsi idi.

Rusiya xalqı müharibə istəmir

Daha bir fakt budur ki, Kreml Ukrayna ilə sərhədlərə qoşunlarını yığması üçün hərbi büdcəsindən milyonlarla, bəlkə də milyardlara hesablanmış dollar vəsaitlər xərclədi və həmin vəsaitlərin hazırkı məqamda Rusiya iqtisadiyyatı, əhalisi üçün nə qədər vacib olduğunu nəzərə alsaq, Rusiya vətəndaşlarının da savaşı rədd etdiklərini deyə bilərik. Çünki çoxsaylı sanksiyalar içində böhranlı vəziyyət yaşayan Rusiyaya əlavə başağrısı – xalq etirazlarının böyüməsi də gərək deyildi.

Nəticə isə budur ki, vəziyyətin gərgin həddən çıxması görünür, amma onun yenidən əvvəlki vəziyyətinə gəlməyəcəyinə də kimsə zəmanət verə bilməz. Hər halda proseslərin tez-tez dəyişməsi eskalayiyanın sadəcə müvəqqəti aradan qaldırılması mənzərəsini təqdim edir. Mümkündür ki, Kremlin “c”, yaxud “d” planları da var və hələlik, onları ehtiyatda saxlayır. O cümlədən, təkcə Rusiya Duması ilə Ukrayna Radasının çıxardıqları zidd qərarlara diqqət yetirsək, qarşıdurma halının gündəmdən çıxmadığını da deyə bilərik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə