Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi cari ilin qrant müsabiqəsi çərçivəsində keçmiş məcburi köçkünlərin problemlərinin öyrənilməsinə, onların aradan qaldırılması yollarının araşdırılmasına, eyni zamanda, yurd yerlərinə qayıtmaları ilə bağlı istək və arzularının öyrənilməsinə həsr edilmiş çox sayda layihələrə dəstək vermək haqqında qərar qəbul etmişdir. Bu sıradan Azadlıq Hərəkatçıları İctimai Birliyi “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” mövzusunda layihənin icrasına başlamışdır. Layihə ilə bağlı qurumun sədri və layihənin rəhbəri Təhmasib Novruzovun fikirlərini diqqətinizə çatdırırıq:
- Otuz ilə yaxın bir müddətdə mənfur erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımız, nəhayət, Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun şücaəti sayəsində 2020-ci ilin payızında, 44 günlük müharibə nəticəsində işğaldan azad edildi. Azərbaycan Republikasının Prezidenti, cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, indi başlıca vəzifə bu torpaqları yenidən abadlaşdırmaqdan və keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışını təmin etməkdən ibarətdir. Dövlətin bu sahədə çox ciddi proqramı var və bu proqram artıq icra olunmağa başlamışdır. Şuşada aparılan böyük quruculuq, bərpa və abadlaşdırma işləri, Ağdamda salınması nəzərdə tutulan müasir tipli möhtəşəm şəhərin baş planının təsdiqi və ilkin işlərə start verilməsi, Zəngilanın Ağalı kəndində yeni smart tipli kəndin tikintisinin artıq başa çatması, Füzulidə dünyanın ən qısa müddətə tikilən hava limanlarından birinin artıq uçuşları qəbul etməsi, avtomobil, dəmiryol, elektrik, qaz, su, rabitə infrastrukturlarının tamamilə yenidən qurulması işlərinin sürətlə aparılması və digər həyata keçirilən möhtəşəm layihələr tezliklə bu yerlərə qayıdışın başlayacağına əminlik yaradır. Ona görə biz də, bir vətəndaş cəmiyyəti qurumu olaraq, Böyük Qayıdışa töhfəmizi verməyi özümüzə borç bilirik. Bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən ilin sonunda elan etdiyi qrant müsabiqəsinə “Yurda qayıdış mövzusunda verilişlərin hazırlanması və nümayiş etdirilməsi” layihəsi ilə müraciət etdik. Çox şadıq ki, layihəmiz müsabiqənin qalibi oldu və biz artıq onun icrasına başlamışıq.
Layihə fevralın 1-dən mayın 1-dək müddətdə, Bakı şəhərində məskunlaşan keçmiş məcburi köçkünlərin yaşadığı Qobupark yaşayış massivində icra olunacaq. Səkkiz verilişdən ibarət olacaq, SƏS TV onlayn televiziyasında mart-aprel aylarında nümayiş etdiriləcək layihənin həyata keçirilməsi on illər boyu yurdundan ayrı düşmüş insanların doğma yurda dönüşünün təbliğ və təşviq edilməsi ideyasından irəli gəlir. Layihə çərçivəsində hazırlanacaq və nümayiş etdiriləcək verilişlərdə yurda qayıdışla bağlı təkcə keçmiş məcburi köçkünlərin düşüncələri öyrənilməyəcək, eyni zamanda tərəddüd edənlərin tərəddüdlərinin səbəbləri, onları narahat edən başlıca problemlər araşdırılacaq, müzakirə ediləcək və problemlərin həlli ilə bağlı təklif və təşəbbüslər irəli sürüləcək. Keçmiş məcburi köçkünlərin bilavasitə məskunlaşdıqları yerlərdə görüşlərin keçirilməsi, onların öz fikir və düşüncələrini sərbəst ifadə etmələri nəzərdə tutulub ki, bu da problemin birbaşa mənbədən öyrənilməsində mühüm əhımiyyətə malikdir. Azad edilmiş torpaqlara keçmiş məcburi köçkünlərin qaytarılması bu yerləri yenidən dirçəltmək, VƏTƏNLƏŞDİRMƏK baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün doğma yurda dönüşlə bağlı tərəddüd edən insanların bu tərəddüdlərinin araşdırılması, ümumiləşdirilməsi, onların aradan qaldırılması ilə bağlı müvafiq təkliflərin verilməsi, gələcəkdə qarşılaşacağımız bir sıra problemlərin bəribaşdan həllinə yardımçı ola bilər.
Bir sözlə, layihənin həyata keçirilməsində başlıca məqsəd keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlara qayıdışı ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi işinə dəstək verməkdən ibarətdir. Bu məqsədlə hazırlanacaq və nümayiş etdiriləcək verilişlərdə keçmiş məcburi köçkünlərin yurda dönüşlə bağlı təşviq edilməsi, xüsusilə, gəncləri narahat edən problemlərin öyrənilməsi, onların ümumiləşdirilməsi və təkliflərin müvafiq qurumlara çatdırılması qarşıya qoyulan əsas vəzifələrdir.
Azadlıq Hərəkatçıları İctimai Birliyinin
Mətbuat Xidməti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB