Azərbaycan çoxkonfessiyalı və etnik qrupların birgə yaşadığı məkandır
Prezident İlham Əliyev: "İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular"
Azərbaycandakı multikultiralizm və tolerant mühit mövcud dəyərlərimizə əsaslanır. Müxtəlif xalqların adət-ənənələrinə, dininə hörmətlə yanaşma xalqımızın milli keyfiyyəti olmaqla yanaşı, humanizm dəyərlərinə, birgəyaşama mədəniyyətinə söykənir. Etnik qrupların sülh şəraitində yaşaması, bərabərhüquqlu fəaliyyətinə yaradılan zəmin multikulturalizmin Azərbaycan modelinin formalaşdığının göstəricisidir. Bu gün ölkəmizin demək olar ki, bütün ərazisində qeyri-xalqların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində vahid bir ailə kimi yaşayır və milliyyətindən asılı olmayaraq hər kəs bərabərhüquqludur. Humanizm prinsiplərinə əsaslanan ölkəmizdə insan ləyaqətinə xələl gətirən, ona zidd olan dinlərin yayılması və təbliğinə imkan verilmir. Mövcud qanunlar və mövcud mühit ölkəmizdə xristianların, yəhudilərin, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasına dəlalət edir. Fevralın 2-də Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir: "Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm". Paytaxt Bakıda, Qubada, Zaqatalada, Qusarda, Qaxda, İsmayıllıda və digər yerlərdə müxtəlif xalqların necə sülh, dostluq şəraitində yaşadığı diqqətdən yayınmır. Hər bir məkanda etnik qrupların icmaları, mədəniyyət mərkəzləri, öz etiqad və ayinlərini yerinə yetirmək üçün olan ibadətgahlar və s. fəaliyyətdədir ki, ölkəmizə gələn qonaqlar bunu yüksək dəyərləndirirlər.
"DƏMİR YUMRUQ", SADƏCƏ, GÜC DEYİL, BU, BİRLİKDİR"
Əlbəttə ki, bu gün müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirk etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. "Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib", - deyən Cənab Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. "Dəmir yumruq", sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar".
"AZƏRBAYCAN SİYASƏTİ BUNDAN SONRA BU İSTİQAMƏTDƏ APARILMALIDIR VƏ APARILACAQDIR"
Amma Ermənistan isə monodövlətdir. Burada hökm sürən vəziyyət erməni xislətini bir daha ortaya qoymuş olur. "Onlar hesab edirdilər ki, bu, onların üstünlüyüdür" - deyən Cənab Prezident qeyd edib ki, hətta onların rəhbərləri və onların ictimai fəalları müharibədən, İkinci Qarabağ müharibəsindən əvvəl deyirdilər ki, Ermənistanın bir üstünlüyü var ki, burada ancaq ermənilər yaşayır, Azərbaycanda isə müxtəlif xalqlar yaşayır. Onların çirkin təbliğatı ona yönəlmişdi ki, əgər müharibə başlayarsa, burada qatma-qarışıq olacaq, xalqlar bir-birinin üzünə duracaq. Amma nə oldu? Yaşayan bütün xalqlar bir adam kimi durdular ayağa, sinələrini qabağa verdilər, düşməni təpiklə qovdular bizim torpağımızdan. Bir daha göstərdik ki, bax, bu yetişən nəsil və ənənələr nə deməkdir… Bir daha demək istəyirəm, bax, biz, hər birimiz bu dəyəri qorumalıyıq və Azərbaycan siyasəti bundan sonra bu istiqamətdə aparılmalıdır və aparılacaqdır".
Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillər sırasındadır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb. Qeyri-xlqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB