Gənclər dövlətimizin gələcəyi üçün təməl daşlarıdır - SORĞU

Gənclər dövlətimizin gələcəyi üçün təməl daşlarıdır - SORĞU

2 fevral Gənclər Günü 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Bu gün Azərbaycan gəncləri bütün beynəlxalq platformalarda Azərbaycanı qürurla təmsil edir.

Gınclər Günü münasibətilə SİA Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvlərinin fikirlərini öyrənib:

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Vüqar İsgəndərov: "Bu gün öz uğurlarına görə regionun iri dövləti olan Azərbaycan eyni zamanda mütərəqqi gənclər siyasəti ilə dünyada fərqlənir. Ölkəmiz dünyada az ölkələrdən biridir ki, təqvimində gənclərlə bağlı xüsusi bir gün var. Gənclərimiz bu gün ölkəmizin həyatında əhəmiyyətli mövqelərdə öz əməlləri ilə fərqlənirlər və onlara bu gün dövlət tərəfindən xüsusi diqqət və qayğı var. Yaradılan əlverişli mühit, diqqət və qayğıdan güc alan Azərbaycan gəncliyi ötən müddətdə uğurlu inkişaf yolu keçib. Təbii ki, burada Ulu Öndər Heydər Əliyev tərəfindən ısası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti əsaslı rol oynayır. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral Gənclər Günü kimi qeyd edilir. Burada Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Fondunun formalaşdırılması, Prezident Administrasiyasında gənclərlə bağlı şöbənin yaradılması, gənclər haqqında dövlət proqramlarının qəbul edilməsi, gənclərin bütün sahələrdəki inkişafı ümumilikdə bütün bunların hər biri dediklərimizin əyani sübutudur. 44 günlük Vətən müharibəsində gənclərimiz bunların hər birini xüsusi olaraq göstərdilər. Yəni Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz 44 gün ərzində düşmənin başını əzərək torpaqlarımızı işğaldan azad etdi. Həmin şanlı ordumuzun tərkibinin 90%-i gənclərdən ibarət idi. Azərbaycan gəncləri Şuşa fatehləri, Qarabağ fatehləri kimi tarixdə yadda qalacaqlar. Bu, sözün əsl mənasında Azərbaycan gəncliyinin dünyada öz torpağını necə sevməyi, necə vətənpərvər olmağı göstərdi. Təbii ki, bu gün gənclərimiz vətənpərvər, təhsilə meyillidir. Təkcə müharibə meydanında yox, dinc quruculuq sahələrində də gənclərimizi görürük. Bilik olimpiadalarında, beynəlxalq simpoziumlarda Azərbaycan gəncləri ölkəmizi şərəf və uğurla təmsil edirlər. Bütün Azərbaycan gənclərini 2 fevral Gənclər günü münasibətilə təbrik edir, onların gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov: "Azərbaycanda müstəqillik illərindən sonra həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsinə xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərə imkanları çərçivəsində geniş meydan verilməsinə, gənc nəslin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır. Dövlət başçısının bu çevik sosial zümrəyə diqqət və qayğısı Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin "Gənclər İli" elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu, bir tərəfdən gənclərə daha geniş şərait yaratmaq, digər tərəfdən onların potensialından dövlət quruculuğu prosesində maksimum istifadə etmək məqsədi daşıyır. Xüsusi olaraq qeyd edim ki, bir çox MDB və dünya dövlətlərində Gənclər və İdman Nazirliyi adlı hansısa qurum yoxdur. Azərbaycanda 1994-cü ildən belə bir nazirliyin mövcud olması və gənclərlə iş sahəsində uğurla fəaliyyət göstərməsi təsdiqləyir ki, respublikamızda gənclər və idman siyasəti daim diqqət mərkəzindədir.

Dövlət strukturunda rəhbər vəzifələrin təxminən 70 faizini gənclər təşkil edir. Hazırda daha çox müasir bilikləri və yeni informasiya texnologiyalarını mənimsəmiş gənclərə ehtiyac var. Mən deyə bilərəm ki, sevindirici haldır ki, müasir Azərbaycan gəncliyi beynəlxalq aləmdə layiqincə təmsil olunur, Respublikamız getdikcə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir.
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsini hər zaman əsas hesab edib.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışıblar. Bunun ən gözəl nümunəsi olan 44 günlük Vətən müharibəsini qeyd edə bilərik. Gəncliyimiz düşmən qarşısında canını sipər etdi, torpaqlarımızı əsrətdən qurtardı.
Sonda qeyd edim ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət də öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir".

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Şahin İsmayılov: "Heç kimə sirr deyil ki, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Ulu Öndərin hakimiyyətə gəlişinə qədər dövlət hakimiyyətinin strukturlarının qurulmasında ciddi problemlər mövcud idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra bütün taleyüklü məsələlərin həllinə düşünülmüş şəkildə start verdi. Gənclər siyasəti də Ulu Öndərin diqqətindən yayınmamışdı. Gənclərin inkişafı üçün görülən bütün işlər ümumilikdə ölkənin hərtərəfli inkişafının təmin olunması üçün potensial kadr bazasının hazırlanması və vətənpərvər gənclərin, yetişdirilməsinə istiqamətlənmişdi. Ulu Öndər gəncləri əhatə edən işlərin görülməsi ilə yanaşı özünün müdrik tapşırıqlarını da ifadə etmişdi. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyə qeyd edən böyük azərbaycanlının bu sözləri Azərbaycan gənclərinin qarşısında duran vəzifələri müəyyən edirdi. Gənclər bu tapşırığın öhdəsindən gəldi və gəlməkdədir. Bugünkü gənclər siyasəti Ulu Öndərdən Azərbaycan dövlətinə və Azərbaycan xalqına miras qalan çoxsaylı işlərdən biridir. Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı uğurlu gələcəyə aparan Prezident İlham Əliyev də gənclərlə iş sahəsində işlərin görülməsini xüsusi diqqətdə saxlayır. Möhtərəm Prezident gənclərə müraciətində,qeyd etdi ki, “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu sözlər gənclərimiz üçün böyük motivasiya olmaqla onların davamlı fəaliyyətini stimullaşdırıb.

Bu gün təntənəli şəkildə qeyd etdiyimiz Gənclər Gününün də tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-ci ilin 2 fevral tarixində 1-ci Gənclər Forumu baş tutdu. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix - 2 fevral ölkəmizdə gənclər günü kimi qeyd olunmağa başlanıldı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. Forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul olunur. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər üçün yeni imkanlar yaradılmış, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhfə verilmişdir. Bu gün hakimiyyət qollarında gənclərlə işləyən ixtisaslaşmış orqanlar mövcuddur. Biz burada xüsusi olaraq Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsini, Milli Məclisin Gənclər və İdman komitəsini, Gənclər və İdman Nazirliyini, Gənclər Fondunu göstərə bilərik. Eyni zamanda Azərbaycanda 300-ə yaxın Gənclər sahəsində işləyən Qeyri-Hökümət Təşkilatları fəaliyyət göstərir. Müxtəlif elmi-tədqiqat mərkəzlərində də kifayət qədər sayda gənclərimiz çalışırlar. Biz bu misalları artıra, gəclərimizin uğurları haqqında daha çox danışa bilərik. Təbii ki, bu uğurların əldə olumasında uğurlu dövlət gənclər siyasəti dayanır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə prezident İlham Əliyevin dəstəyini hiss edirlər".

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Cavid Osmanov: "Azərbaycan müstəqilliyinu bərpa etdikdən sonra ölkəmizdə baş verən siyasi hadisələr, xaotik vəziyyət fonunda Azərbaycan gəncliyi ümumilikdə Azərbaycan xalqı kimi başsız qalmışdı. Ölkəmizdə gənclər heç bir perspektiv görmədiyindən bir hissəsi xarici ölkələrə üz tutmuş, digər bir hissəsi isə müəyyən müəyyən qüvvələr tərəfindən öz siyasi məqsədlərinə çatmaq üçün bir alətə çevirmişdilər. Azərbaycan gəncliyinə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdən başlanılmışdır. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Daha sonra gənclərin birinci forumu keçirildi. Daha sonra Ulu Öndərin fərmanı ilə 2 fevral Gənclər Günü kimi qeyd olunmağa başlanıldı. 2003-cü ildən bu günə kimi cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirməklə və inkişaf etdirməklə Azərbaycan gəncliyinə daha böyük meydan verdi. Azərbaycan gəncliyi dünyanın ən aparıcı ali təhsil müəssisələrinə təhsil almaq üçün göndərildi, Gənclər Fondu yaradıldı və Azərbaycan gəncliyinə bütün dövlət idarəetməsində qapılar açıldı və bu gün çox yüksək vəzifələrdə, bütün dövlət orqanlarında Azərbaycan gəncliyi təmsil olunurlar. Eyni zamanda müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi öz rəşadətini, öz qorxmazlığını döyüş meydanında da göstərdi və 30 il müddətində işğala məruz qalmış torpaqlarımızı azad etdi. Bu gün Azərbaycan gəncliyi dünyada nümunə göstəriləcək böyük bir təsisata çevrilib".

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Ramil Həsən: "Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və himayəsi ilə 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əsası qoyuldu. Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı milli və ölkəsinə, dövlətinə bağlı gəncliyin yetişməsi prosesi də məhz o dövrlərə təsadüf edir. Şübhəsiz ki, 1996-cı ildə ilk gənclər forumunun keçirilməsi və 1997-ci ildə Ümummilli Lider tərəfindən 2 fevral Gənclər Günü kimi təsis edilməsi də bu istiqamətdə irəliyə doğru atılmış addımlardan biri idi. Heç də təsadüfi deyildi ki, BMT Dünya Gənclər Gününü 12 avqust olaraq bəyan etməsi 1999-cu ilə təsadüf edir. Bu da Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı ilə bağlı xüsusi bir siyasətin mövcudiyyətini hələ BMT-dən daha öncə başladığının bariz nümunəsidir. Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində canlarını fəda edərək, şəhid düşərək, qazi olaraq Azərbaycanın qəlbi olan Qarabağı işğaldan azad etdi. Bütün bu proseslərin içərisində ən önəmli faktor Azərbaycanda milli şüura sahib olan gəncliyin güclü və qüdrətli yetişməsi, ordusuna, dövlətinə sədaqətlə xidmət edən gənclər bu gün ön planda gəlməkdədir. Əlbəttə ki, bu gün biz böyük fəxarət hissi ilə torpaqlarını düşmən tapdağından qurtarmış gənclərin gününü qeyd edirik. Cənab Prezidentin hər dəfə qeyd etdiyi kimi Azərbaycan dövlətinin gələcəyi gənclərdir. Ona görə də bu gün Azərbaycan dövləti gənclərə sərmayə yatırır. Gələcəyin gəncləri dövlətimizin təməl daşlarıdır. Bu gün münasibətlə bütün Azərbaycan gənclərini təbrik edirəm".

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Şahin Seyidzadə: "Azərbaycan dövləti nadir ölkələrdəndir ki, burada gənclər siyasəti ilə məşğul olan ayrıca qurum yəni Gənclər və İdman Nazirliyi, gənclər və gənclər təşkilatlarını təşəbbüsünü dəstəkləyən gənclər fondu mövcuddur. Bildiyimiz kimi bu gün 2 fevral Gənclər Günüdür. Bu günün əhəmiyyəti çox böyükdür. Bir çox Azərbaycan gənci bu gün münasibətlə ilin gənci seçildi. Digər tərəfdən bu gün Gənclər Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bütün bunlarla yanaşı müxtəlif qanunlar, dövlət proqramları təsdiq olunub. Sözsüz ki, bütün bunlar çox əhəmiyyətli və vacibdir. Hazırdakı yeni nəsil fərqli xüsusiyyətlərə malikdir. Bütün müxtəlifliyə, dəyişiklikliyə baxmayaraq gənclərimiz bu gün vətənpərvər ruhda yetişməkdədir. Bu, gənclərin ən böyük üstün xüsusiyyətlərindən biridir. Bu gün Azərbaycan gənci təhsilli, savadlı, ölkəsinə bağlı bir gənc kimi yetişir. Azərbaycan gənci dövlətin bu günüdür. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində Zəfər çalmağımız oldu".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə