“Paşinyan Türkiyəyə rəqiblərini zəiflətməklə gedir” AÇIQLAMA

“Paşinyan Türkiyəyə rəqiblərini zəiflətməklə gedir” AÇIQLAMA

“Mart ayında Türkiyənin Antalya şəhərində “Diplomatiya Forumu”nun keçirilməsi planlaşdırılır. Bu forumda Türkiyə Azərbaycan və Ermənistan nümayəndələrini dəvət edərək üçtərəfli və ikitərəfli görüşün keçirilməsinə çalışır”. Bunu politoloq Anar Əliyev “Səs” qəzetinə açıqlamasında bildirib.

A.Əliyevin sözlərinə görə, görüşün keçirilməsində əsas məqsəd Türkiyənin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında ikitərəfli formatın yaradılmasıdır: “Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və mümkün razılaşmaların əldə olunması eləcə də, sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiya xətlərinin açılması, “Zəngəzur dəhlizi”nin Ermənistan ərazisindən keçəcək hissəsində tikinti işlərinin başlanması məsələlərin müzakirəsi ilə bağlı Ermənistan və Azərbaycan arasında iki tərəfli formatın yaradılması və bu format çərçivəsində heç bir əlavə tərəflərin iştirakı olmadan müzakirələrin aparılmasına nail olmaqdır. Türkiyənin irəli sürdüyü bu format Cənubi Qafqazda sülhün təmin olunmasına və Ermənistanla Azərbaycan arasında əlaqələrin bərpa olunması prosesinə müsbət təsir göstərə bilər. Görüşə Ermənistan tərəfi Nikol Paşinyanın timsalında həm Soçi görüşündən, həm Brüssel görüşündən fərqli olaraq daha rahat şəkildə onun addımlarına və qəbul edəcəyi qərarlara etiraz edə biləcək qüvvələri müəyyən qədər zəiflətməklə gedir. Buna görə də, hesab edirəm ki, Paşinyan bu görüşdə Ermənistan - Azərbaycan arasında eləcə də Ermənistan - Türkiyə arasında münasibətlərin tənzimlənməsi ilə bağlı daha real, daha adekvat bəyanatlar, fikirlər səsləndirə bilər. Nəyə görə? Çünki Ermənistanda Nikol Paşinyanın Azərbaycanla münasibətlərin tənzimləməsinə problem yarada biləcək kifayət qədər böyük qüvvələr mövcud idi, xüsusilə də, hakimiyyətin bəzi qollarında, məsələn Müdafiə Nazirliyində, Xarici İşlər Nazirliyində eyni zamanda, keçmiş prezident Armen Sarkisyanda Nikol Paşinyanın atdığı addımlara bir çox hallarda problemlər yaratmağa çalışırdılar. İndiki halda Paşinyan demək olar ki, hakimiyyət qollarını hamısını tam nəzarət altına almaq ərəfəsindədir. Eyni zamanda, özünə yaxın bir nazir postuna oturtduğu şəxsində tezliklə Ermənistan prezidenti seçilməsinə nail ola biləcəkdir. Bu fonda Paşinyanın belə bir görüşə getməsi onun daha sərbəst hərəkət etməsinə və daha sərbəst real bəyanatlar, qərarlar qəbul etməsinə kömək etmiş olardı. Hesab edirəm ki, bu görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı xüsusilə də “Zəngəzur dəhlizi”nin Ermənistan ərazisindən keçəcək hissəsində işlərin başlanması və sərhədlərin delimitasiyası ilə məşğul olacaq birgə komissiyanın yaradılması ilə bağlı irəliliyə doğru addımlar atıla bilər. Bu görüş Ermənistan və Azərbaycan arasında tez-tez özünü göstərən təxribat hallarının, xüsusilə də revanşist qüvvələrə yaxınlığı ilə seçilən erməni geniraltetinin nəzarəti altında olan ordu tərəfindən törədilən belə təxribatların təhlil edilməsi və qarşısının alınması ilə bağlı da fikir mübadiləsinin aparılmasına və müəyyən bir ortaq məxrəcin əldə olunmasına gətirib çıxara bilər”.

A.Əliyev onu da bildirdi ki, Türkiyənin fəaliyyəti məhz Cənubi Qafqaza sülhün və iqtisadi inkişafın təmin olunmasına xidmət edir: “Bu mənada Türkiyənin Cənubi Qafqazdakı proseslərə müdaxiləsi və təsir imkanları nə qədər genişlənərsə, ikitərəfli və çoxtərəfli görüşlər Türkiyənin iştirakı ilə nə qədər çox keçirilərsə, regionumuz və bölgəmiz üçün və bölgəmizdə münasibətlərin tənzimlənməsi üçün daha müsbət nəticələr doğurmuş olar. Hesab edirəm ki, bu formatın keçirilməsində bir müsbət tərəfdə Ermənistanı həm Rusiyanın müəyyən dairələrindən, həm də Qərbi Avropa dövlətlərinin təsirindən müəyyən qədər uzaqlaşdırılmasına və daha real Cənubi Qafqazda baş verən proseslərin ruhuna uyğun addımlar atmasına təşviq edə bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə