Ermənistanın iqtisadiyyatı çöküb, ölkəni tərk edənlərin sayı artıb - ŞƏRH
"Bahalaşmaya baxmayaraq, insanlar daha yaxşı yaşamağa başlayıblar". Paradoks dolu bu mürəkkəb cümlə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyana məxsusdur. Ona sual ünvanlayab jurnalist də cavabdan şoka düşüb. Üstəlik əminliklə bildirib ki, "prosesləri fraqmentlərlə deyil, bütöv statistikada nəzərdən keçirmək lazımdır". Nazir bildirib ki, 11 ayda iqtisadi aktivliyin real göstəricisi 5,2% olub. Vaandan soruşmaq lazımdır, ay mart, bu göstəricini hansı "uğurlu" əməliyyatdan sonra əldə etmisən? Yəqin ki, real cavab yoxdur.
Taxılın, gübrənin, dizel yanacağının qiyməti kəskin artıb və hökumətin gördüyü tədbirlər kifayət etmir ki, inflyasiyaya mənfi təsirin qarşısı alınsın. Ermənistan hökuməti fermerlərə necə dəstək olacağınının yolunu tapa bilmir. Çünki büdcədə pul yoxdur. Niyə yoxdur? Ona görə ki, müharibəyə köklənmiş iqtisadiyyat dövlətlə birgə çöküb, ehtiyatda olanlar isə keçmiş prezidentlər - "Qarabağ klanı"nın liderləri tərəfindən 20 ildə dağıdılıb, əvəzində Amerikanın və Rusiyanın iri şəhərlərində yeni-yeni erməni restoranları, kazinoları açılıb. İndi iqtisadiyyat nazirinin bir yolu qalıb, insanları ümidləndirmək, şirin gələcək vəd etmək. "Rusiya, İran və Qətərlə danışıqlar aparırıq", deyən Kerobyan yerli istehsalçıları bir az daha "patriot" olmağa səsləyib və "super qazanc əldə etmək məqsədi güdməyin, biz şəraitə nəzarət edirik", deməklə hökumətin ortada olan inamını da itirib.
Bu yaxınlarda dərc olunan rəsmi məlumatlara görə, ötən il 46 900-dən çox Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin rekord göstəricisidir:

Ümumilikdə 2017-2021-ci illərdə demək olar ki, 153,8 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2% təşkil edir. Ermənilərin mühacirətə getməsinin əsas səbəbləri hamıya məlumdur - kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlir. Statistikaya görə, inflyasiya ötən il 7,2% və xüsusilə, kənd təsərrüfatında isə ikirəqəmli - 11,2% olub.
Yuxarıda qeyd etdiyimiz kimi, buna 44 günlük Qarabağ müharibənin ağır nəticələri, ölkədə, xüsusən də onun sərhədyanı rayonlarında sonrakı gərgin vəziyyət əlavə edilib. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik ucbatından ailələrinin, xüsusən də uşaqların təhlükəsizliyindən qorxaraq vətənlərini tərk edirlər. Təbii ki, Ermənistan sakinlərinin mühacirət coğrafiyası təkcə Rusiya ilə məhdudlaşmır. Sadəcə olaraq, indi orada yaşamaq və işləmək üçün qanuni hüquq əldə etmək mümkündür. Qərb ölkələrində isə bu, min-bir prosedur bahasına başa gələ bilər ki, buna da ermənilərin maddi vəziyyəti imkan vermir.
Bundan əlavə, bir çox erməni ailələri üçün bu postsovet ölkəsində həyata adaptasiya o qədər də çətin deyil. Ermənistanın sakinləri az-çox rus dilində danışırlar. Ona görə də Rusiyada dil baryerini aşmaq onlar üçün digər ölkələrlə müqayisədə daha asandır. Bütün bu amillər Ermənistan sakinlərinin kütləvi şəkildə Rusiya vətəndaşlığını almasına səbəb olub. Məlumdur ki, Rusiya hökuməti əlverişsiz demoqrafik dəyişikliklər səbəbindən əmək miqrantlarının axınını və immiqrasiyanı təşviq edib. Əhalinin "qocalması"nı da bura əlavə etsək Rusiyada miqrasiya məsələlərinə niyə "yaşıl işıq" yandırıldığının səbəbini anlaya bilərik. Məlumat üçün bildirək ki, yaşı 65-dən yuxarı olan insanların sayı əhalinin ümumi sayının 7%-dən çox olarsa, əhali "qocalmış" sayılır. Rusiyada son üç onillikdə əhalinin sayı xeyli dərəcədə azalıb, artım zəifləyib, iri qəsəbələr, şəhərlər həm də demoqrafik vəziyyət ucbatından boşalıb.
Ötən ilin əvvəlinə Rusiya əhalisinin dörddə birindən çoxu (25,2%) əmək qabiliyyətli yaşdan yuxarı idi. Bir tərəfdən əhalinin qocalması gözlənilən ömür uzunluğunda müsbət dəyişikliklərdən xəbər verir. Digər tərəfdən bu, ciddi sosial və iqtisadi problemlərə gətirib çıxarır. Xüsusilə, pensiyaların ölçüsünün artırılması imkanları məhduddur və bu, vergilərin artırılması zərurətinə səbəb olur. “Əhalinin qocalması” prosesi Ermənistandan da yan keçməyib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesablamalarına görə, ötən il Ermənistanda yaşı 64-dən yuxarı olan insanlar əhalinin ümumi sayında 10%-i ötüb.
Problem bundadır ki, əmək qabiliyyətli yaşda olan mühacirlər imkan daxilində valideynləri ilə birlikdə Ermənistanı birdəfəlik tərk edirlər. Lakin ailələrin mühacirətə getməsi halları var ki, bunlara yalnız əmək qabiliyyətli valideynlər və onların uşaqları daxildir. Gənc mütəxəssislər çox vaxt qanuni əsaslarla Qərb ölkələrinə mühacirət edirlər. Bu, həm də əhalinin “qocalması” prosesinə öz töhfəsini verir. Gələcəkdə bu amillər Ermənistanın demoqrafiyasına, sosial-iqtisadi vəziyyətinə əsaslı şəkildə mənfi təsir göstərəcək.

Qayıdaq Ermənistanın iqtisadiyyat nazirinin uydurduğu nağıllara. Bu şəxs məmura çevrilərək reallıqla əlaqəni tam itirib. Çox tənbəl, hiyləgər, məkrli, acgöz və axmaq insanlarla bir sırada durduğunu öz fikirləri ilə təsdiq edir və yenə də hər kəsi inandırmağa çalışır. Hər şeyi bir anda istəyən, ölkə rəhbərliyinin vətəndaşların həyatını yaxşılaşdırmaq üçün əlindən gələni etdiyindən xəbərsiz olanlar üçün həyat daha əyləncəli olub.
Sabaha ümidini itirmiş ermənilərin hərdən yaşamaq instikti də işə düşür. Amma imkansızlıq, ümidsizlik "erməni patriotizmi"ni anındaca məhv edir. Ermənistanda hər kəs ağlını və vicdanını itirmiş kerobyanların girdabında çabaladıqlarının fərqindədir. Bunu Dünya Bankının hesabatı da təsdiq edir. Məlumata görə, keçmiş SSRİ-nin bütün respublikaları arasında Ermənistan işsizlik səviyyəsinə görə birinci yerdədir. Ölkə üzrə bu göstəricinin 20,21%-ə çatdığı bildirilir.
SSRİ dövründə ermənilər Mərkəzi hökumətin - Moskvanın onlar üçün yaratdığı şəraitdən razı idilər. Niyə də olmasınlar? Bütün Ermənistan Mərkəzin dotasiyası ilə yaşayırdı. Təkcə Rusiya, Ukrayna və Azərbaycan gəlirlə işləyirdi, qazancından ümumi büdcəyə də vəsait göndərirdi. 90-cı illərə qədər ermənilər iş barəsində düşünmürdülər, evlərində işıq, su və bir tikə çörək həmişə olurdu. Bu gün isə ermənilər Avropa və ya Amerikada olduğu həcmdə maaş almaq arzusundadır və düşünürlər ki, məqsədə çatmaq üçün uzun səyahət etmək lazımdır.
Nə deyirik, halva kəlməsini tez-tez deyin, bəlkə...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB