Rusiyanın təhrik edilməsinin bir neçə səbəbi var - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

Rusiyanın təhrik edilməsinin bir neçə səbəbi var - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

Artıq Ukrayna üzərindən Amerika və onun NATO müttəfiqləri ilə Rusiya arasında münasibətlər kifayət qədər gərgin bir mərhələyə daxil olubdur və Qərb analitiklərinin, Qərb mətbuatının yazdığına görə hər an Rusiya tərəfindən Ukrayna ərazilərinə hərbi müdaxilələr gözlənilə bilər, proqnozlar məhz bu istiqamətdədir, amma Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Rusiyanın Ukrayna ərazisinə hərhansı bir hərbi müdaxilə etmək fikri, niyyəti yoxdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloqun sözlərinə görə, bu proseslərin təhlili onu göstərir ki, sanki Ukrayna məsələsində Qərb dairələri, xüsusilə Amerika dairələri tərəfindən Rusiya məqsədli şəkildə təxribata təhrik edilir, məhz Rusiya Ukraynaya təxribata təhrik edilir.

“Sanki Qərb qüvvələri, Amerika və onun NATO müttəfiqləri üçün Rusiyanın Ukraynaya müdaxiləsi qaçılmaz bir variant kimi qiymətləndirilir və hesab edilir ki, Rusiya bu müdaxiləyə ciddi şəkildə hazırdır, gözlənilməyən bir anda bu hərbi müdaxilə baş verəcəkdir. Mən hesab edirəm ki, Amerika və NATO müttəfiqləri tərəfindən bu təəssüratın, bu görüntünün yaradılmasının və Rusiyanın bu müdaxiləyə təhrik edilməsinin bir neçə çox mühüm, vacib səbəbi var. Birincisi, təbii ki, burada Qərb NATO-nun, xüsusən Amerikanın Avropa dövlətləri tərəfindən NATO tərkibində, NATO daxilində mərkəzdənqaçma meyillərinin qarşısını almağa istiqamətlənmiş hədəflər mövcuddur. Xüsusilə, Almaniya, Fransanın timsalında biz artıq yaxın keçmişimizdə dəfələrlə müşahidə etdik ki, NATO-nun alternativinin yaradılması ilə bağlı fikirlər səsləndi, Avropa ordusunun qurulması ilə bağlı fikirlər səsləndi. Hətta fransa prezidenti bir qədər də irəli gedərək, NATO-nun beyin ölümü keçirdiyi ifadəsini işlətdi və bununla da NATO-nun bir hərbi- siyasi qurum olaraq perspektivi və gələcəyi təhlükə altına düşmüş oldu. Məhz bu təhlükəni, bu riskləri aradan qaldırmaq üçün Avropanın daim Rusiyanın təhdidləri və aqressiyası altında olduğu görüntüsünü yaratmaqla, Amerika həmin dövlətləri məhz Amerikanın qorumasına ehtiyacı olduğunu, ehtiyac duyduğunu sübut etməyə, göstərməyə çalışır və bununla da həmin dövlətlərin yenidən NATO ətrafında, ABŞ ətrafında daha sıx birləşməsi, bir hədəfə vurma ehtiyacının, zərurətinin mövcudluğunu sübut etmək, təsdiq etmək istəyir. Daha doğrusu buna nail olmaq istəyir.

İkincisi isə, hesab edirəm ki, burada vacib məsələlərdən biri xüsusilə 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən fərqli olaraq artıq Rusiya qlobal liderlik uğrunda mübarizəyə başlayıbdır. Artıq regiona lider deyil, qlobal liderlərdən biri olduğunu və yeni dünya düzənində Rusiyanın maraqlarının nəzərə alınmalı olduğunu və bu zərurətin Qərb dairələri tərəfindən qəbul edilməsinin vacib olduğunu sübut etməyə çalışır. Mən onu da qeyd edim ki, bir sıra ərazilərdə Rusiya artıq Amerika və onun müttəfiqlərinə qarşı kifayət qədər aktiv fəaliyyət göstərməyi və onların maraqlarına zərbə vurmağı bacarıbdır. Məsələn, Liviyada baş verən hadisələr zamanı, eyni zamanda xüsusilə Suriyada baş verən hadisələr zamanı biz rahat şəkildə, açıq şəkildə, hətta Cənubi Qafqazda baş verən hadisələrdə və Gürcüstanda baş verən hadisələr, həmçinin Qazaxıstanda baş verən hadisələrdə Rusiyanın davranışları və atdığı addımlar onu göstərdi ki, Rusiya kifayət qədər sərt və aqressiv addımlar atmağı bacaran, öz maraqlarını rəqibləri qarşısında müdafiə etməyi bacaran, kifayət qədər güclü və riskli addımlar atmağı bacaran bir dövlətdir. Bu mənada mən hesab edirəm ki, Amerika Ukraynada Rusiyanı hərbi müdaxilələrə cəlb etməklə, onu bataqlığa çəkmək və onun qlobal güc iddialarını zəiflətmək, qlobal gücdən regional güc, qüvvə səviyyəsinə salmağa çalışır.

Üçüncü mühüm səbəblərdən, məqsədlərdən biri də keçmiş Sovet respublikaları, xüsusilə MDB respublikalarının, MDB dövlətlərinin daim Rusiyanın aqressiyası və işğalı təhlükəsi altında olduğunu göstərmək, bununla da həmin aqressiyadan və işğal faktından onları xilas edə biləcək qüvvənin Amerika və NATO olduğu görüntüsünü yaratmaqla həmin dövlətlərin MDB respublikalarının Rusiya ətrafında deyil, Rusiyaya yaxınlıqla deyil, Amerikaya və NATO müttəfiqlərinin yanında yer almaq zərurətini nümayiş etdirməyə çalışır. Mən hesab edirəm ki, proseslər daha da gərginləşmək istiqamətində davam edəcəkdir. Amma Rusiya da Qərb dövlətlərinə, Qərb rəqiblərinə qarşı əlində olan mexanizmlərdən, rıçaqlardan istifadə etməyə başlayıb. Artıq Avropaya yanacaq, neft ixracını 14 faiz azaldıbdır. Bununla artıq neft qiymətlərində sıçrayışlı artımlar baş verməyə başlayıb və yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayan Rusiyanın qaz təchizatına da baxma ehtimalları mövcuddur və bununla da Avropa enerji təhlükəsizliyi məsələsində ciddi problemlərlə üzləşə bilər.

Mən hesab edirəm ki, Ukrayna üzərində aparılan mübarizə hər iki tərəfin nələri əldə edə biləcəyi və ya nələri güzəştə gedə biləcəyi tam aydınlaşdırıldıqdan sonra münasibətlər səngimə mərhələsinə daxil olacaqdır və çox qısa, kiçik, lokal hərbi toqquşmaları çıxmaq şərti ilə ciddi, böyük, qlobal döyüşlərin, müharibənin baş verməsi ehtimalı kifayət qədər zəifdir. Tərəflərin heç biri buna hazır deyil. Tərəflərin hç biri qlobal, böyük müharibənin onun maraqlarına xidmət etmədiyini və etməyəcəyini çox yaxşı dərk edir. Bu baxımdan hesab edirəm ki, Ukrayna üzərindən gərginliyin böyük bir münaqişəyə çevrilmə ehtimalı indiki şəraitdə mövcud deyil və yəqin ki, yaxın günlərdə münasibətlərin tənzimlənməsi və gərginliklərin səngiməsi prosesinin şahidi ola biləcəyik”, deyə politoloq Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə