Azərbaycanda vətəndaş rifahının və məmnunluğunun təmin olunması dövlət siyasətinin prioritetlərindəndir ŞƏRH

Azərbaycanda vətəndaş rifahının və məmnunluğunun təmin olunması dövlət siyasətinin prioritetlərindəndir ŞƏRH

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı şəhid ailələrinə, Qarabağ müharibəsinin iştirakçıları və qazilərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: “Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin, yaxın bir neçə il ərzində bu şərait yaradılacaq”.

Prezident müsahibə zamanı bu həssas kateqoriyadan olan insanlara göstərilən qayğının sırf Azərbaycanda aparıldığını bildirib: “Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq».

Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə ölkəmizdə icra olunan mühüm sosial proqramlardan biri olan şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramı Prezident İlham Əliyevin tapşırığına əsasən ildən-ilə genişlənir. Qeyd edək ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verdi. Bunun nəticəsi olaraq, 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilməsi proqramı icra olundu. Beləliklə, ümumilikdə ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Eyni zamanda, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam edir. 2021-ci ildə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin edilib və bu günədək 7400 müharibə əlilinə avtomobil verilib.

Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra - postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis olundu. Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə, 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb.

Bir sözlə, yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

HƏMİD PƏNAHOV,

YAP Qazax rayon təşkilat sədrinin səlahiyyətlərini icra edən

Bütün xəbərlər Facebook səhifəmizdə