Qərb və Rusiya: təhlükəsizlik zəmanəti, yoxsa müharibəyə zəmanət? ANALİTİK+AKTUAL
Mövcud situasiya bütövlükdə geosiyasi reallıqları çox böyük coğrafi məkanda dəyişdirə biləcək dərəcədə təhlükə mənbəyi hesab olunur
ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında 18 ssenari hazırlayıb. Lakin o da maraqlıdır ki, ABŞ prezidenti Bayden Ukrayna prezidenti Zelenski ilə apardığı telefon görüşməsi zamanı həmkarına fevral ayında ehtiyatlı olmağı tövsiyə edib. Yəni Rusiyanın hücumunun məhz fevralda başlayacağı ilə bağlı məlumatlı olduğunu bildirib. Halbuki, Rusiyanın xarici işlər naziri bildirib ki, onun ölkəsi, ümumiyyətlə, hücum etmək fikrində deyil və hücum baş verərsə, onu məhz Ukrayna və Qərb dəstəkçiləri reallaşdıra bilərlər. Ancaq bu kimi bəyanatlara, xəbərdarlıqlara rəğmən, həm Rusiya Ukrayna sərhədlərinə canlı qüvvə və çoxsaylı hərbi texnikalarını toplayır, həm də Qərb NATO çərçivəsində öz hərbçilərini “hərbi təlimçilər” adı altında Ukraynanın Rusiya ilə sərhədlərinə, separatçıların yaxın olduqları ərazilərə göndərir. O cümlədən, hərbi sursat və texnikaların da göndərilməsi prosesi davam edir. Üstəlik, ABŞ İsveç və Finlandiyanı NATO-nun tərkibinə qatmağa çalışır.
Proseslər onu da göstərir ki, Qərb Rusiyanın Mərkəzi Asiyada tətbiq etdiyi taktikasını eyniliklə təkrarlayır. Misal üçün, Moskva Mərkəzi Asiyada “taliban” təlaşını yaymaqla Özbəkistanı və Türkmənistanı KTMT-yə daxil etdirməyə çalışır.
Müharibə baş verərsə...
Beləliklə, sual yaranır ki, əgər müharibə baş verərsə, o, necə davam edəcək? Və ya müddəti nə qədər davam edəcək? Müharibə yalnız Donbasdamı baş verəcək, yoxsa bütün sərhəd boyu uzanan perimetr boyunca? Həmçinin, Qərb-Rusiya qarşıdurması reallaşarsa orada hansı silahlardan istifadə ediləcək? Ümumiyyətlə, müharibə olacaq yoxsa qaranlığın sonunda işıq kimi görünən sülh? Bəlkə akopalipsisis?

Yəqin ki, bütün bunlar ABŞ-ın hazırladığı və məxfi sadladığı 18 ssenaridə mövcuddur. Hətta belə demək mümkündür ki, əgər Qərb Rusiyanın təkliflərini rədd edərsə Rusiyanın özü-öz təhlükəsizliyini təmin etmək üçün yaranmış şəraitdə müharibənin qaçılmaz olduğunu bəyan edəcək və...
Qərb bu zəmanəti alsa belə, Moskvaya bel bağlamayacaq, çünki müasir siyasətdə inam və etibarlıq prinsipi ikinci, hətta üçüncü plana keçib
Və əlbəttə ki, bu da Ukraynaya hərbi müdaxilə üçün açar vəzifəsini oynayacaq. Mümkündür ki, 18 ssenaridə belə bir plan da mövcuddur: Rusiya Xarkov və Odessanı tutacaq, bununla da Ukraynanın Qara dənizə olan çıxışını bağlayacaq. Amma yenə də belə bir sual yaranır: Rusiya bu addımı ilə Ukraynanın bu hissəsində öz ballistik raketlərini yerləşdirəcəkmi? Yoxsa məqsəd on milyonlarla insanı olan Ukraynanı bütövlükdə əldə etməyə çalışır?
Lakin unutmaq olmaz ki, Ukrayna da 2014-cü ilin Ukraynası deyil. Ötən illər ərzində bu ölkədə hərbi peşəkarlığı yüksək səviyyəyə qədər yetişdirilən silahlı qüvvələr formalaşdırılıb. Hesab edək ki, müharibə başlayıb və ruslar az-çox irəliləyiblər. Onda Qərblə yeni şərtlərlə danışıqlara başlanılacaq. Ancaq Qərb belə bir şəraitdə, yəni müharibə başladıqdan sonra siyasi ticarətə gedəcəkmi? Bu da mümkün görünmür. Belə ehtimalı da irəli sürmək mümkündür ki, Qərb geriyə addım atacaq və nəticədə təhlükəsizlik zəmanətini imzalayacaq, təbii ki, Rusiya da Şərqi Avropada eyni zəmanəti verməlidir. Qərb bu zəmanəti alsa belə, Moskvaya bel bağlamayacaq, çünki müasir siyasətdə inam və etibarlıq prisnipi ikinci, hətta üçüncü plana keçib. Əsas öndə olan isə bilavasitə güc amilidir.
Ukraynası sabah da, biri gün də Krımdan, Donetskdən, Luqanskdan, Xarkovdan, Odessadan imtina etməyəcək, necə ki, Gürcüstan Abxaziyadan və Cənubi Osetiyadan imtina etmir
Bütün bunlardan nəticə hasil etmək olar ki, bu günün Ukraynası sabah da, biri gün də Krımdan, Donetskdən, Luqanskdan, Xarkovdan, Odessadan imtina etməyəcək, necə ki, Gürcüstan Abxaziyadan və Cənubi Osetiyadan imtina etmir.
Bütün bunlar isə açıq şəkildə göstərir ki, qarşı dayanan tərəflər bir-birlərinə qarşı mümkün olmayan şərtlər irəli sürürlər və müharibə qaçılmazlığa çevrilir.

Rusiya silahlı qarşıdurmada qalib olarsa, bu, o demək deyil ki, onun bütün siyasi üstünlükləri Qərb üzərində diktəyə çevriləcək. Belə ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyaları Rusiyanın dsaxilində kəskin narazılıq kollapsına səbəb ola bilər, bu narazılıqlar artar, üstəlik dövlət çevrilişinə qədər inkişaf edə bilər. Məsələ həm də ondadır ki, Ukrayna ilə müharibədə, yaxud Qərblə qarşıdurmada rusların da xeyli canlı itkiləri olacaq bu isə ölkədəki hiddət və qəzəblərin daha da artmasına səbəb ola biləcək arqumentlərdir.
Söz yox ki, bu məsələdəki situasiyanın proqnozları çox çətindir və nəticələr hasil etmək heç də asan deyil. Çünki mövcud situasiya bütövlükdə geosiyasi reallıqları çox böyük coğrafi məkanda dəyişdirə biləcək dərəcədə təhlükə mənbəyi hesab olunur. Necə deyərlər, yaşayarıq, görərik...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB