NATO və Rusiya münaqişənin hərbi kontekstdə həllində maraqlı deyillər - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

NATO və Rusiya münaqişənin hərbi kontekstdə həllində maraqlı deyillər - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

“Hazırki mövcud gərgin vəziyyətə baxmayaraq Rusiya ilə Ukrayna arasında müharibə olacağını düşünmürəm”. Bu sözləri politoloq Yusif Bağırzadə Ukrayna-Rusiya cəbhəsindəki mövcud gərginliklə bağlı danışarkən deyib.

Politoloq qeyd edib ki, hal-hazırdakı gərginlik təkcə Ukrayna – Rusiya arasındakı münaqişədən deyil, həm də NATO və Rusiya arasındakı münaqişədən qaynaqlanır.

“Məlumdur ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi Maydan hərəkatından başlayıb. O zaman, yəni daha dəqiq desək 22 fevral 2014-cü ildə, Ukrayna xalqı rusiyapərəst president Viktor Yanukoviçi devirdikdən 5 gün sonra Rusiya xüsusi təyinatlıları Krım Ali Sovetinin binasını ələ keçirdilər və “Rus birliyi” partiyasının rəhbəri S.Aksyonovu oraya başçı təyin etdilər. Yeni başçı da dərhal Rusiya siyasi rəhbərliyinə “Krım ərazisində sülhün və əmin-amanlığın bərpasına yardım göstərmək” üçün rəsmi müraciət etdi. Bunun ardınca Rusiya Ukraynaya qoşun göndərdi. 16 mart 2014-cü ildə isə Krımda keçirilən referendumdan 2 gün sonra - 18 martda Krım rəsmən Rusiyaya birləşdirildi. Bundan ruhlanan Donetsk və Luqansk da analoji olaraq özlərini müstəqil elan etsələr də Rusiya onları tanımaqdan çəkindi, amma buna baxmayaraq oradakı separatçı rejimi dəstəkləməkdə davam etdi.

Bütün bunlardan sonra Rusiya-Ukrayna münasibətlərinin kəskin xarakter alması labud idi və onu da qeyd edim ki, Rusiya ilə Ukrayna arasında olan bu qarşıdurmada indiyədək 14 mindən artıq şəxs həlak olub. Qarşıdurmanın indi yeni mərhələyə qədəm qoymasının isə müəyyən səbəbləri vardır. Səbəblərdən biri Uraynanın NATO ilə inteqrasiyasına əngəl olmaq, ikincisi Ukraynanın Donetsk və Luqanskla bağlı ehtimal olunan əməliyyatlarının qarşısını almaq, digəri isə güc nümayişi və təzyiq yolu ilə “Şimal axını 2” layihəsi ilə bağlı ortaya çıxmış əngəlləri aradan qaldırmaqdan ibarətdir.

Rusiyanın ABŞ-dan, NATO-dan tələb etdiyi təhlükəsizlik zəmanəti özündə post Sovet məkanı dövlətlərinin faktiki olaraq NATO ilə əlaqələrini kəsməsini və Rusiyanın təsir dairəsinə aid edilməsini ehtiva edir. Rusiya təbii ki, bu cür şərtlərin qəbul olunmayacağını yaxşı bilir, amma onu da bilir ki, bu gün hər hansı bir NATO ölkəsi birbaşa olaraq Rusiya ilə hərbi münaqişədə maraqlı deyil. Ona görə də aqressiv mövqe nümayiş etdirməklə ən azından istədiklərinin bir qismini də olsa əldə etməyi hədəfləyir. Burada digər bir vacib məqam da Rusiya sərhədlərində olan dövlətlərin NATO ilə əlaqələrinin hansı nəticələrə səbəb ola biləcəyini göstərməkdən ibarətdir. Rusiya dolayısı ilə Ukrayna timsalında digər dövlətlərə də mesaj verir ki, NATO ilə əlaqələr quracağınız halda bunun acı nəticələri ilə üzləşməli olacaqsınız.

NATO dövlətləri və ümumiyyətlə Avropa İttifaqı dövlətlərinin hazırkı gərginlikdə tutduqları mövqe də göz önündədir. ABŞ və ümumilikdə NATO yaxşı anlayır ki, bu gün Rusiyanın təhdidlərinə göz yummaq və Ukraynanı müdafiəsiz qoymaq gələcəkdə digər dövlətlərin də bu qurumla inteqrasiyasının qarşısını alacaq. Çünki dövlətlər haqlı olaraq onları Rusiyanın aqressiv münasibətlərindən qoruya bilməyən hər hansı bir birlikdə təmsil olunmaq istəməyəcəklər. Amma bütün bunlarla yanaşı nə NATO nə də Rusiya münaqişənin hərbi kontekstdə həllində maraqlı deyillər. İstər ABŞ, istərsə də digər NATO dövlətlərinin hər biri öz bəyanatlarında Ukraynaya müdaxilə halında Rusiyanın çox sərt şəkildə iqtisadi və siyasi sanksiyalarla üzləşəcəklərini deyirlər. Başqa sözlə məhz sanksiyalar vasitəsilə Rusiyanı hədəfə alacaqlarını bəyan edirlər. Göründüyü kimi, bu günə qədər heç kim müdaxilə olacağı halda Rusiyaya hərbi cəhətdan cavab veriləcəyini deməyib.

Hazırda NATO-nun 30 üzvü var. İki dünya müharibəsinin nəticələrini göz önünə alan Almaniya Rusiyaya qarşı üçüncü dəfə də vuruşmaq niyyətində deyil və öz davranışları ilə bunu açıq şəkildə büruzə verir. Quru qoşunlarının sayına görə NATO-nun ikinci hərbi qüvvəsi olan qardaş Türkiyə ilə Rusiya arasında hazırda yaxşı münasibətlər, 100 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur və Türkiyənin də Rusiyaya qarşı müharibədə yer almayacağı gün kimi aydındır. Elə Ərdoğanın Ukrayna və Rusiya arasında vasitəçilik təklifi ilə çıxış etməsinin kökündə də Türkiyəni bu münaqişədən uzaq tutmaq istəməsi dayanır. Böyük Britaniya da hər nə qədər də Rusiyaya qarşı sanksiyalara qoşulsa da hərbi münaqişədə maraqlı deyil, belə ki, Böyük Britaniyanın Rusiya ilə sarsılmaz iqtisadi-mədəni əlaqələri var. Böyük Britaniyanın baş naziri Boris Consonun dünənki “Heç bir NATO ölkəsi Ukraynaya qoşun göndərməyə hazır deyil”, bəyanatı da bu ölkənin mövqeyini açıq şəkildə ortaya qoyur. Fransanın isə başı hal-hazırda özünə qarışıb və apreldə keçiriləcək seçkiyə hazırlaşır. NATO-ya daxil olan Yunanıstan, Lüksemburq, Latviya, Litva, Estoniya, İslandiya, Xorvatiya, Şimali Makedoniya, Çernoqoriya və digər ölkələrin isə Rusiya ilə müharibəyə başlayacağını düşünmək qətiyyən real görünmür. Ukraynanı aktiv şəkildə silahlandıran ABŞ isə indiki vəziyyətdə Ukrayna və Rusiya arasında müharibənin olmasını Rusiyaya əlavə sanksiyalar tətbiq etmək imkanı kimi görür, amma onun dəstəyi də yalnız silah göndərməklə məhdudlaşır. NATO-nun baş katibi Yens Stoltenberqin dünənki “NATO Ukraynaya qoşun yeritməyəcək” bəyanatı da Ukrayna ilə Rusiya arasında baş verə biləcək müharibə halında bu qurumun müdaxilə etməyəcəyinin ən bariz sübutudur.

Ukraynaya hərbi müdaxilənin öz ölkəsi üçün iqtisadi və siyasi cəhətdən də olsa çox böyük problemlərə səbəb olacağını rəsmi Moskva də gözəl anlayır. İkinci bir tərəfdən hazırki durumda Ukraynaya müdaxilə ölkəni iqtisadi cəhətdən çox ağlr duruma sala bilər. Odur ki, düşüncəmə görə indiki vəziyyət müharibəsiz başa çatacaqdır. Rusiya özünə məxsus ərazilərdə, Qara dənizdə, Ukraynanın sərhədləri boyunca geniş miqyaslı hərbi təlimlər keçirəcək, əzələ mümayiş etdirəcək, amma indiki halda qətiyyən onun ərazisinə daxil olmayacaq. Kiçik local əmliyyatlar mümkündür, bu isə ancaq o zaman ola bilər ki, rəsmi Kiyev Donbas və Luqanskla bağlı mümkün əməliyyatlar həyata keçirsin.

Mövcud gərgin durumda Azərbaycanın mövqeyinə gəldikdə isə qeyd edim ki, Azərbaycan sabitliyin təmin olunmasında, qorunub saxlanılmasında maraqlı olduğunu hər addımda büruzə verir, tərəfdaşlıq etdiyi ölkələrin qarşılıqlı münasibətlərinin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafına töhfə vermək üçün bütün mümkün vasitələrdən istifadə edir. Dövlətimizin və təbii ki, cənab Prezident İlham Əliyevin regionda və qlobal miqyasda həyata keçirdiyi mühüm missiyanı düzgün qiymətləndirməyi bacaran ölkələr və onların liderləri, dövlət başçımızın fəaliyyətini yüksək qiymətləndirirlər.

Ukrayna həmişə Azərbaycanın tərəfdaşı olub. Bu, həm GUAM çərçivəsində, həm də ikitərəfli münasibətlər fonunda inkişaf edib. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və ümumiyyətlə separatçı rejimlərdən əziyyət çəkən bütün ölkələrlə münasibətlərdə bu prinsip əsas prinsip olaraq həmişə bəyan edilir. Təbii ki, Azərbaycan bununla həm də faktiki olaraq rəsmi Kiyevin separatçı rejimlərə qarşı olan mövqeyinə də dəstək verir. Bu da təbiidir. Çünki uzun illər ərzində separatizmdən və işğaldan əziyyət çəkən ölkəmiz bunun nə demək olduğunu kifayət qədər yaxşı anlayır. Azərbaycanın eyni zamanda Rusiaya ilə də kifayət qədər yaxşı münasibətləri mövcuddur. Bu baxımdan da düşünürəm ki, indiki mərhələdə Azərbaycanın əsas rolu Türkiyə ilə birlikdə vasitəçi rolunda çıxış etməkdən ibarət ola bilər. Əgər nəzərə alsaq ki, əvvəllər də Rusiya və NATO arasında görüşlər neytral bölgə kimi Azərbaycanda keçirilib, o zaman ölkəmizin təkcə Ukrayna - Rusiya arasında deyil, eləcə də Rusiya ilə NATO arasındakı təmaslarda da mühüm barışdırıcı missiyanı üstlənə biləcəyini deyə bilərik”, deyə politoloq Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə