Altılıq formatı aktuallığını itirməyib - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü altılıq formatı aktuallığını itirməyib, saxlayır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, Moskvada diplomatlar səviyyəsində ilk görüş oldu və növbəti görüş də Türkiyədə olmalıdır.

“Yeganə problem indi Gürcüstanla bağlıdır və Gürcüstanı da anlamaq olar. Gürcüstan Rusiyaya görə bu formatda hələ iştirak eləmək istəmir. Çünki Rusiya Abxaziya və Cənubi Asetiyanı ilhaq edib, orada hərbi bazalar yaradıb və separatçıların dırnaqarası müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər də yoxdur. Belə vəziyyətdə əlbəttə Gürcüstanın altılıq formatda iştirakı hələ problematikdir.

Hələki beşlik format da fəaliyyət göstərə bilər, amma görünən odur ki, hələ ikili format işləyir. Yəni, Ermənistan-Türkiyə dialoqu da başlayıb. Bizim Ermənistanla həll ediləcək məsələlərimiz var, Rusiya-Türkiyə dialoqu var. Bu dialoqlar hələki var və sadəcə bu dialoqlar birlik formasına hələ gəlməyib. Bir sözlə, altılıq formasına hələ gəlməyib, təkmilləşib formalaşmayıb. Bu da yəqin ki, bir müddət zaman alacaq”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə