“Nikol Paşinyan KTMT-nin nüfuzdan salınmasına çalışır” AÇIQLAMA

“Ermənistanın baş naziri Nikol Paşinyan davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatlar törətdikcə KTMT qüvvələrinin bölgəyə gətiriləcəyi ilə bağlı fikirlər bildirir və buna işarələr edir Ermənistan-Azərbaycan sərhədi ilə bağlı yaranan problemlərə KTMT-nin gətiriləsi tamamilə yolverilməzdir və bu, ümumiyyətlə, siyasi gündəlikdə yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün yaranan problemləri rəsmi Moskva ilə müzakirə edir və bu istiqamətdə münasibətlər qurulur: “Təbii ki, KTMT-də əsas söz sahibi, hərbi-siyasi blokun təsisçisi Rusiya çıxış edir. Qazaxıstanda baş verən hadisələrə nəzər salanda gördük ki, əsasən bütün proseslər Rusiyadan KTMT fonunda icra olunurdu. Ermənistan həm Tovuz təxribatlarında, həm 44 günlük Vətən müharibəsinin gedişində eyni zamanda, ötən ilin 16 noyabr hərbi təxribatlarında KTMT-nin bölgəyə gətirilməsi ilə bağlı çağırışlar edirdi. KTMT-nin Nizamnaməsinin 4-cü maddəsinə istinad edərək bəzi manipulyasiyalar həyata keçirilməyə cəhdlər göstərilirdi. Lakin bütün bunlar öz nəticəsini vermədi. Çünki kifayət qədər sıx münasibətləri olan və strateji müstəvidə dəyərləndirilən Rusiya - Azərbaycan münasibətləri heç vaxtı buna imkan verməz”.

Politoloq onu da bildirdi ki, Rusiya Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin tanınmasının tərəfdarı kimi çıxış edir: “Rəsmi Moskva beynəlxalq birlik tərəfindən tanınan sərhədlərin qarşılıqlı surətdə tanınmasının tərəfdarı kimi rəsmi Bakının çıxış etməsini, KTMT-nin bölgəyə gətirilməsinə heç bir yer qoymur. Sadəcə olaraq, Nikol Paşinyan KTMT-nin nüfuzdan salınmasına çalışır və bu istiqamətdə irəliləyir. Bu gün KTMT-yə sədrlik Ermənistan tərəfindədir və KTMT-nin sədrlik funksiyalarını Ermənistanın baş naziri Nikol Paşinyan yerinə yetirir. Paşinyan KTMT-yə sədrliyi dönəmindən istifadə edərək özü üçün və ölkəsi üçün müəyyən siyasi və hərbi divident qazanmağa yönəlmiş addımlar atır. Lakin onun öz istəyinə çatmayacağını artıq indidən qeyd etmək olar. Çünki dəfələrlə bu istiqamətdə addımlar atan Ermənistan öz istəyinə nail olmamışdır və bundan sonra da inanmıram ki, hər hansısa istəyinə nail ola bilsin. Digər tərəfdən KTMT-nin bölgəyə gəlməsi üçün heç bir hüquqi zəmində yoxdur, yalnız informasiya gündəmini zəbt etmək və manipulyasiyalar həyata keçirmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bu mövzuya diqqət çəkir. Lakin KTMT-nin bölgəyə gəlməsinin siyasi, hüquqi və hərbi cəhətdən heç bir əsası yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə