Ağdaşda şəhid polkovnik-leytenant Atəm Əliyevin ildönümü mərasimi keçirilib FOTOLAR

Ağdaş şəhərində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ildönümü mərasimi keçirilib. Mərasimdə Yeni Azərbayan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və şəhidin döyüş yoldaşları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, ailə üzvlərinə başsağlığı verilib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Atəm Əliyev 1982-ci il dekabrın 16-da Ağdaş rayonunun Abad kəndində anadan olub. 1989-1996-cı illərdə Abad kənd tam orta məktəbində, 1996-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşan Atəm Əliyev oktyabrın 2-də şəhid olub. Uzun müddətli axtarışdan sonra nəşi tapılaraq 2021-ci il yanvarın 25-də doğulduğu Ağdaş rayonunun Abad kəndində dəfn olunub. Atəm Əliyev ailəli idi. Bir oğlu və bir qızı var.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Atəm Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə