"Sövdələşmə Ermənistanda hakimiyyət böhranını dərinləşdirmə məqsədi daşıya bilər" - POLİTOLOQ MÖVQE BİLDİRDİ

“Ermənistanda 2018-ci ildən bəri prezident postunda əyləşən, sayca 4-cü prezident Armen Sarkisyan səlahiyyət müddətinin bitməsinə 3 il qalmış istefa etdi”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloq qeyd edib ki, İkinci Qarabağ Müharibəsində biyabırçı məğlubiyyətdən sonra hakim dairələr içərisində istefalar heç kim üçün artıq təəccüblü deyil: “Lakin təəccüblü məqam ondan ibarətdir ki, prezident niyə məhz indi bu addımı atdı? Hadisələr çox yeni olduğu üçün əsl səbəbləri, erməni mediası və ekspertləri tam izah edə bilmir. Sadəcə ehtimallar üzərinə danışa bilərik. Ehtimal edə bilərik ki, eks-prezident xaricdən aldığı dəstəklə aktiv siyasətə qatılmaq üçün yanvarın 23- də istefa qərarını verib. Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması astanasında olması Sarkisyanın keçmiş iqtidar nümayəndələri və Kreml ilə danışıqlara girməsini istisna etmir”.

Z.Qarayeva vurğulayıb ki, Armen Sarkisyan Türkiyə ilə münasibətlərin normallaşması, 3+3 formatı çərçivəsində regionda yarana biləcək sülh prosesini öngörür və heç bir söz haqqına sahib olmadığı üçün gələcəkdə yarana biləcək problemlərdə adının hakimiyyət nümayəndəsi kimi hallanmağını istəmir: “Xüsusilə də A.Sarkisyanı hakimiyyətə Serj Sarkisyanın gətirdiyini nəzərə alsaq, bu arqument inandırıcı görünə bilər. Sövdələşmə Ermənistanda hakimiyyət böhranını dərinləşdirmə məqsədi daşıya bilər. Təsadüfi deyil ki, ötən illərdə də bir neçə dəfə Ermənistanda hakimiyyət böhranı, yaxud terror hadisələri məhz Azərbaycan və Türkiyə ilə bu ölkə arasında hansısa anlaşmaların əldə olunması ərəfəsinə təsadüf edib”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə