Ukrayna böhranı: Qərb-Rusiya qarşıdurması son həddə GEOSİYASƏT+AKTUAL

Moskva ABŞ-a və NATO-ya qarşı gözlənilməz addımlarını atacaqmı?

SSRİ-nin süquta uğramasının 30-cu ildönümündə dünya öz diqqətini Ukrayna böhranı yönündəki Qərb-Rusiya gərginliyinə tərəf çevirib. Görünən isə budur ki, Kreml postsovet məkanında öz təsir qüvvələrini möhkəmləndirmək üçün yeni addımlar atmaq qərarını verib. Belə ki, bununla yanaşı, Moskva NATO-dan Mərkəzi Şərqi Avropa məkanında hərbi genişlənmə prosesinə son qoymasını, Ukrayna da daxil olmaqla yeni üzvlərinə qarşı qapılarını bağlamağı yazılı şəkildə və rəsmi zəmanət istəməklə tələb edir. Qısa izah etsək, Rusiya öz xeyri müqabilində Qərbin qarşısına yeni tələblər irəli sürməkdədir.

Bütün diqqətlər Rusiyanın lideri Vladimir Putinə tərəf yönəlib

Moskva eyni zamanda ordu hissələrini Kubada və Venesuelada yerləşdirilməsi mümkünlüyü haqqında da düşünür. Halbuki Cenevrədə, Brüsseldə və Vyanada aparılan danışıqlar da nəticəsiz qaldılar. Nəticədə bütün diqqətlər Rusiyanın lideri Vladimir Putinə tərəf yönəlib.

Bu arada, ABŞ-ın prezidenti Co Bayden də açıq şəkildə nümayiş etdirir və bəyanatlar səsləndirir ki, Rusiya müəyyən qərarlarını verib və daha əvvəldən hazırladığı planlarını fəaliyyəti ilə icra edəcək. Sadəcə Putinin hansı ssenari üzrə oyun quracağını düşünmək olar ki, bu da məhz Kremlin tələb etdiyi yazılı zəmanət verilmədiyi halda məlum olacaq. Daha dəqiq desək, Rusiya ABŞ-a və NATO-ya qarşı gözlənilməz addımlarını atacaq.

Bayden onu da etiraf edir ki, NATO üzrə müttəfiqləri arasında bir çox məsələlər üzrə fikir ayrılıqları mövcuddur, xüsusilə Rusiyanın fəaliyyəti yönündə bir sıra məsələlər üst-üstə düşmür. Lakin buna baxmayaraq, Qərbin də əlində müəyyən mənada “kozırlar” mövcuddur: iqtisadi sanksiyaları artırmaq və əhatə dairəsini genişləndirmək. Əsasən də Putinin özünə və yaxın ətrafına qarşı. Artıq gözlənilir ki, daha əvvəlki sanksiyaları da geridə qoymağı bacaran Putin daha sərt sanksiya tətbiqlərindən də qorxmur və geriyə çəkilmək barədə ümumiyyətlə düşünmür.

“Foreign Affairs” nəşri yazır ki, NATO kirli və şişirdilmiş bədheybətə çevrilib

Bu arada, bir sıra Qərb KİV-ləri Rusiya prezidentinin fəaliyyətini “böyük imperiyanı qurmaq cəhdi” kimi qiymətləndirməyə başlayıblar. Rusiyada isə hesab edirlər ki, Qərb və ABŞ daha əvvəllər verdikləri vədlərini yerinə yetirmir. Beləliklə, Ukraynadakı eskalasiya gərginliyi NATO-nun gələcəyi ilə bağlı gündəmi yenidən aktuallaşdırıb. Hətta belə desək, əgər Trampın prezidentliyi dövründə o açıq-açığına etiraf edirdisə ki, NATO qocalıb, Bayden həmin ifadəni qəbul etmir və o, nə qədər çətin də olsa, Transatlantik alyansı bir yerə cəmləşdirməyə cəhdlər göstərir – səbəb kimi isə haqqında bəhs edilən Ukrayna gərginliyi gətirilir. Belə ki, NATO və ABŞ rəsmiləri alyansın qapılarının açıq olduğunu bəyan edirlər, digər tərəfdən isə Qərb mediası NATO-nun məqsədlərinə çata bilmədiyini yazırlar.

Misal üçün, Amerikanın nüfuzlu “Foreign Affairs” nəşri yazır ki, NATO kirli və şişirdilmiş bədheybətə çevrilib və məhz öz təhlükəsizliyi üçün öz qapılarını yeni namizədlərinin üzlərinə bağlamağa məhkumdur.

Əzələ nümayişləri həyata keçirilir və bunun üçün də külli miqdarda vəsaitlər xərclənməkdədir

“The Wall Street Journal” isə öz dərcində bildirir ki, Putinin inamlı addımlarının qarşısını almaq üçün vasitə var. Bu vasitə Ukraynanın müdafiəsi üçün amerikalıların və koalisiya güclərinin hərəkətə gətirilməsidir. Bütün bu kimi cəhdlər isə, əslində, hər iki tərəfin böyük müharibəyə hazır olmadıqlarını da göstərir. Köhnə yanaşma ilə desək, əzələ nümayişləri həyata keçirilir və bunun üçün də külli miqdarda vəsaitlər xərclənməkdədir. Bəziləri düşünürlər ki, Bayden “böyük müharibə” üçün “yaşıl işıq” yandırıb. Bəziləri isə əksinə düşünürlər və qeyd edirlər ki, Qərb qərarlarını dəqiqləşdirənə qədər Putin öz mövqelərini möhkəmləndirəcək və bu faktor yeni müharibənin başlanmasını əngəlləyəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə