Təlimləri Qərbin güc mərkəzinə cavabı kimi qiymətləndirmək olar - HƏRBİ EKSPERT AÇIQLADI

"Son zamanlar geosiyasi arenada gedən proseslər onu göstərir ki, artıq müəyyən bir güc mərkəzləri yaranır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, İran, Çin və Rusiyanın birlikdə keçirdikləri təlimləri Qərbin güc mərkəzinə cavabı kimi qiymətləndirmək olar: "Ümumiyyətlə dünyada həmişə əsas iki güc mərkəzi olub. Bəlkə bu da müəyyən şəkildə dünyanın stabilliyini təmin edir. Hazırda İran, Çin və Rusiya münasibətləri və onların müəyyən şəkildə maraqlarını bir mərkəzə gətirib çıxardır. Bu təlimlərdə həmişə qarşıya qoyulan məqsədlər və tapşırıqlar yerinə yetirilir. Dünyada müxtəlif zamanlarda bu kimi proseslər həmişə gedir və bu mərkəzlər daha çox özünü büruzə verir. Prinsip cəhətdən bu təlimlərin regiona təsirini görmürəm. Bu təlimlərin keçirilməsində təbii ki, üç dövlətin maraqları var".

Şair Ramaldanov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hazırda regionumuz sülhə və iqtisadi layihələrin keçirilməsinə istiqamətlənib: "Bu bizim regionumuzun rifahı üçün, inkişafı üçün önəmlidir. Düşünürəm ki, iki güc mərkəzi geosiyasi arenada müəyyən bir qərara gəlməlidir. İstərdik ki, bu məsələ sülh şəraitində həll olunsun. Çünki belə olduqda nəzərdə tutulan layihələrin də həyata keçirilməsi üçün müsbət şərait yarana bilər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə