Ermənistan prezidentinin istefası NƏLƏRƏ SƏBƏB OLACAQ? - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistan prezidenti Armen Sarkisyanın istefası Ermənistan hakimiyyəti içərisindəki dərin iqtisadi-siyasi böhranın nəticələrini növbəti dəfə ortaya çıxarır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq Tural İsmayılov qeyd edib ki, ümumilikdə Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanla yola getmirdi və hakimiyyət daxilindəki bu çarxlar bütün erməni ictimaiyyəti və dünya siyasi arenası üçün də məlum olan hadisələr idi: “Məsələ ondan ibarətdir ki, Nikol Paşinyan uzun müddətdir konstitusiyada dəyişikliklər etmək istəyir və növbədənkənar parlament seçkilərində qalib gəldikdən sonra əsas hədəf ölkədə prezidentlik institutunun daha da gücləndirilməsidir və Nikol Paşinyanın növbəti hədəfi baş nazir kimi deyil, prezident kimi Ermənistanda hakimiyyətə gəlmək və siyasi iddialarını gücləndirməkdir. Bütün bu baş verənləri isə Ermənistan prezidenti Armen Sarkisyan yaxşı izləyir və bundan sonra özəlliklə Ermənistan-Türkiyə arasındakı münasibətlərin normallaşması ilə bağlı danışıqlar, 3+3 görüşü çərçivəsindəki bir çox siyasi əlaqələr Ermənistan prezidentinin nüfuzsuz qaldığını və proseslərə təsir etmək imkanının olmadığını göstərir. Bu baxımdan Armen Sarkisyan istefa verə bilər. İkinci bir səbəb isə ondan ibarətdir ki, Ermənistan prezidenti ərəb ölkələrinə mesajlar verir, səfərlər edir və eyni zamanda özünün daha aktiv siyasi fəaliyyətini göstərməyə çalışır”.

Politoloq onu da vurğulayıb ki, ola bilsin ki, prezidentin bu siyasi aktivliyi baş nazir Nikol Paşinyanı və onun ətrafındakı siyası elitanı ciddi şəkildə narahat edir və bu klanlar arası çarpışma sonda Ermənistan prezidentinin geriyə addım atmağı ilə nəticələnmiş olub: “Mən düşünürəm ki, bütövlükdə son yarım il ərzində müdafiə nazirlərinin istefa verməyi, dəyişməyi ölkənin xarici konsulluqlarına və səfirliklərinə diplomatların tapılmaması və ən nəhayət Ermənistanda prezidentin istefa verməsi Ermənistan hakimiyyətinin və bütövlükdə Ermənistandakı siyasi vəziyyətin düşdüyü acınacaqlı vəziyyəti göstərir. Ermənistanın bütün bu proseslərdən qurtulmaq, normal ictimai siyasi münasibətlər sistemi qurmağının tək çarəsi isə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və regionda sülh və əminamanlıq mühitinə zərbə vurmamaqdan keçir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə