2022-ci ilin "Şuşa ili" elan edilməsi GƏNCLƏRİN GÖZÜNDƏ - SORĞU

Bildiyimiz kimi Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlət başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Bəs gənclər bu barədə nə fikirləşir?

SİA məsələ ilə bağlı gənclər arasında sorğu keçirdib:

Bakı Avrasiya Universitetinin tələbəsi Sofiya Məmmədova: "Son 115 ildə Şuşa uğrunda üçüncü, son və ən qanlı savaşımızı verdik. Şuşaya indiki qayıdışımız əbədi və dönməzdir. İnanıram ki, Şuşa "Qafqazın konservatoriyası" statusunu özünə qaytaracaq, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtına çevriləcək. Cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi hər azərbaycanlı üçün, xüsusi ilə gənclər üçün böyük bir əhəmiyyətə malikdir. Biz çox şanslıyıq ki, Şuşanın 270 illiyinə təsadüf edirik. Bundan əlavə 2022-ci ilin "Şuşa ili" elan edilməsi sanki qarşı tərəfə gözdağı oldu. Şuşa günü-gündən abadlaşır, inkişaf edir. Bu da düşməni təşvişə salan bir sürətlə davam etməkdədir. Son 10 ay ərzində Şuşada ermənilərin onilliklər boyu gördüklərindən daha çox iş görülüb. Böyük layihələr reallaşdırılır. Nə xoşbəxtik ki, Şuşanın 270 illiyini özümüz qeyd edirik. Təkcə müqəddəs şəhərimizi deyil, onun tarixini də yadelli işğalçıların əlindən qurtarmışıq".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Vüqar Ağayev: "44 günlük Vətən müharibəsində qələbə çalmağımızla düşmən darmadağın edildi. Həmçinin bu müharibədə Şuşanın azad olunması bizim üçün çox qürurverici bir hadisədir. Bu gün 30 il ərzində dağıdılmış, viran qoyulmuş ərazilərimiz, xüsusilə Şuşada abadlıq-quruculuq işləri gedir. Şuşa qısa müddət ərzində Azərbaycanın gözəl guşələrindən birinnə çevriləcək. Bu il Şuşanın 270 illiyi tamam olur. Bu münasibətlə də cənab Prezident 2022-ci ili "Şuşa ili" elan etdi. Cənab Prezidentin bu addımı təqdirəlayiqdir. Düşünürəm ki, biz tələbələr üçün Şuşanın azad olunması yuxu kimi bir şeydir. Mən hələ də inana bilmirəm ki, Şuşa artıq azaddır. Biz də Şuşanı görəcəyik deyə çox sevincliyik və həyəcanlıyıq".

Bakı Slavyan Universitetinin tələbəsi Nərgiz Səmədzadə: "Cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi bizim üçün çox qürurvericidir. Biz artıq bir gənc olaraq başımız dik gəzə bilirik. Çünki artıq Şuşa azaddır. Bu gün Şuşada bir sıra abadlıq-quruculuq işləri gedir. İnanıram ki, gələcəkdə Şuşa nəinki Azərbaycanın, bütün dünyanın mədəniyyət mərkəzinə çevriləcək".

Azərbaycan Texniki Universtetinin tələbəsi Emil Həsənov: "Düşünürəm ki, hər bir azərbaycanlı üçün, hər bir Azərbaycan gənci üçün Şuşanın yeri bir başqadır. Biz Şuşanı görməsək də, o həmişə bizim qəlbimizdə olub. Cənab Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi sadəcə Şuşaya verilən dəyər deyil, bütövlükdə tariximizə, mədəniyyətimizə verilən dəyərdir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan güclü dövlətdir. Şuşanın yenidən bərpa edilməsi, eləcə də 2022-ci ilin "Şuşa İli" elan edilməsi mühüm əhəmiyyətə malikdir".

Azərbaycan Dillər Universitetinin tələbəsi Mehparə Məmmədova: "Düşünürəm ki, yaxın vaxtlarda Şuşa təkcə regionda deyil, dünyada ən gözəl şəhərə çevriləcəkdir. Bildiyimiz kimi cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci il "Şuşa ili" elan edildi. Bu çox böyük bir addımdır. Həmçinin düşmənə gözdağıdır. Şuşa günü-gündən abadlaşır, inkişaf edir. Qısa müddətdə Şuşa Azərbaycanın gözəl guşələrindən birinə çevriləcək".

Azərbaycan Dövlət və Bədən Tərbiyəsi Universitetinin tələbəsi Hüseyn Salahov: "2020-ci il noyabr ayının 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri erməni işğalçılarından azad olundu. Şuşa Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Hesab edirəm ki, cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi Şuşada aparılan quruculuq işlərinə öz töhfəsini verəcək. Hazırda Şuşada çox vacib işlər görülür. Düşünürəm ki, hər bir azərbaycanlının ürəyincə olan bir qərar verilib. "Şuşa ili"ndə Azərbaycan bayrağının daha da yüksək yerlərdə dalğalanmasının şahidi olacağıq".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nəzrin Almasova: "44 günlük Vətən müharibəsində torpaqlarımızın, xüsusilə də Şuşa şəhərinin azad olunması hər bir azərbaycanlı üçün qürurverici hissdir. 2022-ci ilin "Şuşa ili" elan edilməsi sanki qarşı tərəfə bir dağ çəkdi. Bununla bütün dünya anladı ki, Şuşa bütövlükdə Qarabağ həqiqətən də Azərbaycanındır. Biz Şuşanı görməmişik. Amma həmişə Şuşanı bir gün görmək ümidini qəlbimizdə yaşatmışıq. Biz artıq istəyimizə nail olduq. Şuşa artıq azaddır və gündən-günə inkişaf edir".

Bakı Dövlət Universitetinin tələbəsi Mirkamal Kazımzadə: "Düşünürəm ki, cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi ilə hər bir Azərbaycan gənci özünü Şuşanın bir parçası kimi hiss edəcək. Şuşa artıq azaddır, bizimdir. Biz Şuşanı görməsək də, qəlbimizdə daim biz onu görmək həsrəti ilə yaşamışıq. 30 ildən sonra Qarabağın işğaldan azad edilməsi bizim üçün çox qürurvericidir. Biz bununla fəxr edirik".

Azərbaycan Dillər Universitetinin tələbəsi Gülnar Məmmədova: "2022-ci ilin “Şuşa İli” elan edilməsi ilk növbədə şəhidlərimizin ruhuna sayqını, hörməti nümayiş etdirir. “Şuşa İli”nin elan olunması gənclərimizin vətənpərvər ruhda yetişməsi, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizin adını, ruhunu yaşatmaq deməkdir. Şuşa Azərbaycanın incisidir və biz bu incini qoruyub saxlayacağıq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə