Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad edilib.

SIA xəbər verir ki, anım tədbirində diaspor fəalları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı, hadisə şahidləri, azərbaycanlı gənclər iştirak ediblər.

Radanın həmsədri Oleq Krapivin o qanlı günlərlə bağlı xatirələrini bölüşərək vurğulayıb ki, Azərbaycan xalqı yalnız birləşməklə bütün çətinliklərin öhdəsindən gələ bilərdi. Biz buna 44 günlük Vətən müharibəsində bir daha şahid olduq. Qarabağı azad etmək üçün bütün dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdilər.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev çıxışında Ukraynada yaşayan soydaşlarımıza Azərbaycandakı hadisələrlə bağlı həqiqətlərin Ukrayna ictimaiyyətinə çatdırılmasına köməklik göstərdiklərinə görə təşəkkür edib. “Ukrayna istər dövlət, istərsə də ictimai səviyyədə həmişə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib, ölkəmizin yanında olub. Bu işdə Azərbaycanın Ukraynadakı diasporunun xidməti az deyil”, - deyə Sabir Rzayev əlavə edib.

UAR-ın baş katibi Ceyhun Məmmədov qeyd edib ki, Ukrayna Azərbaycanlıları Radasının prioritet məqsədlərindən biri gənclərlə işdir. Ukraynada öz vətənindən uzaqlarda onun tarixini tam öyrənmək imkanı olmayan bütöv bir azərbaycanlı nəsli yetişib. Təşkilatın vəzifəsi isə bu işdə onlara kömək etməkdir ki, azərbaycanlıların yeni nəsli öz doğma Vətəninin tarixini unutmasınlar.

Anım tədbirində digər çıxışçılar UAR-nın Aparat rəhbəri Elşad İbrahimov, diaspor fəalları Ələsgər Məhərrəmov, Faiq Hüseynov mövzu ətrafında fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə