Sülhməramlılar Azərbaycanın tələblərini tam şəkildə yerinə yetirməlidir - SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ
"Azərbaycanın hələ də ermənilər yaşayan ərazilərində öz üzərinə missiya götürmüş Rusiya sülhməramlıları vəzifələrini kifayət qədər yerinə yetirmir". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

O, qeyd edib ki, Azərbayan Respublikasının Prezidenti də bunu vurğulayıb. Çünki vaxtaşırı olaraq təmas xəttindən Azərbaycan əsgərlərinə atəş açılır. Eyni zamanda Laçın dəhlizi vasitəsilə Qarabağda məskunlaşmış ermənilər silah-sursatla yaraqlanırlar. Qeyri-qanuni yüklərin daşınması prosesi hələ də davam edir. Bu da onu göstərir ki, Rusiya sülhməramlıları üzərlərinə götürdükləri vəzifəni kifayət qədər yerinə yetirə bilmirlər.
Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Bu artıq ona işarədir ki, Rusiya sülhməramlıları Qarabağdakı missiyalarını yerinə yetirə bilmədiyinə görə oradan ya çıxarılmalı, ya da Azərbaycanın tələblərini tam şəkildə yerinə yetirməlidirlər. Düşünürəm ki, Azərbaycan Respublikasının özünün kifayət qədər imkanı var ki, Qarabağda yaşayan erməni vətəndaşlarının təhlükəsizliyini təmin etsin. Eyni zamanda onların sosial müdafiəsi haqqında müvafiq tədbirlər görsün. Azərbaycanın eyni zamanda azərbaycanlılarla ermənilər arasında hər hansı konfliktin qarşısını almağa imkanı var. Hesab edirəm ki, proseslərin bu cür davam etməsi milli maraqlarımıza uyğun olardı. İndiki halda Rusiya qoşunları təmas xəttində dayanıblar və bu iki xalqın arasında anlaşılmayan bir mühitin formalaşmasına yardım göstərirlər. Düşünürəm ki, Prezidentin mövqeyi göstərir ki, gələcəkdə sülhməramlılar hazırda Azərbaycanın nəzarəti altında olmayan ərazilərdən çıxarılmalıdır. Bununla da Azərbaycan bu ərazilərdə öz suverenliyini bərpa etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB