“Şuşa İli” elan olunması çox məntiqlidir” - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu ilin ‘Şuşa İli” adlandırılması çox ciddi bir niyyəti ortaya qoyur və bu niyyət Azərbaycan dövlətçiliyi üçün çox vacibdir. Yəni, 1752-ci ildə əsası qoyulan Şuşanın 270 yaşı tamam olur və əslində bu bir yubiley ilidir və ikincisi də heç kimə sirr deyil ki, ermənilər, düşmənlər və başqaları da Şuşanı qarabağın simvolu hesab edirlər və Şuşanın Azərbaycanda olması şübhəsiz, onun əlamətidir ki, Şuşa kimindirsə Qarabağ onundur. Ona görə də “Şuşa İli” elan olunması hədsiz dərəcədə, çox vacibdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədri vurğulayıb ki, 2022-ci ilin “Şuşa İli” elan olunması azərbaycanlıların mənəvi, mədəni paytaxtı, eyni zamanda Qarabağ üzərində suverenliyin bərpa olunmasının simvolu kimi ermənilərə də, dünyaya da əlbəttə, böyük bir mesajdır.

“Şuşa yüksəklikdə olan böyük və mədəni bir şəhərdir və keçmiş xanlığın mərkəzidir, Xankəndi isə xanların əslində tövləsi olub. Bəli ermənilər orada, o tövlədə malabaxan olublar, bir qrupu belə olub. Şuşanın həm mədəniyyət, şəhər mədəniyyətinin simvolu kimi, həm azərbaycanlıların mədəni beşiyi, paytaxtı kimi, dünyaya verdiyi böyük korifeylər yurdu kimi çox vacibdir.

Bilirik ki, biz Füzulidən Şuşaya zəfər yolu çəkilir, Şuşada olduqca böyük tikintilər aparılır, bərpa olunur, Şuşa xüsusi qoruq şəhər elan olunub, Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi təsdiq olunub oraya. Bütün bunlar ona işarədir ki, Şuşa əbədiyyən Azərbaycana qaytarılmış, Azərbaycan anasının qoynuna sığınmış bir övlad kimi, şərəfli bir övlad kimi inkişaf etdirilməlidir. Təsadüfi deyil ki, gələcəkdə burada Türkiyənin konsulluğunun açılması və bir sıra xarici nümayəndəliklərin də olması təkcə mədəni deyil, eyni zamanda sənaye və başqa profilli mərkəzlərin yaradılması Şuşanın əhəmiyyətini artıracaqdır.

Şübhəsiz, Şuşa eyni zamanda Xankəndi ilə Ermənistan xəttinin üzərindədir, yolun üzərindədir, sırf strateji məqamı var və bu məqam da çox ciddidir ki, istənilən vaxt Azərbaycan orada istənilən kontrolu həyata keçirə bilər. Ona görə də hesab edirəm 2022-ci ilin “Şuşa İli” elan olunması, həm Azərbaycan üçün, həm də Azərbaycanı sevən Türkiyə, Pakistan və digər dövlətlər üçün böyük bir cəlbedici əhəmiyyətə malikdir. Şübhəsiz ki, Şuşanın birinci növbədə bərpası daha yaxşı mümkündür, baxmayaraq, ən yüksəklikdə yerləşir. Hesab edirəm həm də Qarabağın bərpasının da mərkəzi olacaqdır, yəni koordinasiya mərkəzi olacaqdır Şuşa. Ona görə də, Şuşanın belə bir qlobal əhəmiyyəti olduqdan sonra təbii ki, “Şuşa İli” elan olunması çox məntiqli görünür”, deyə Tahir Kərimli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə