Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir - DEPUTAT AÇIQLADI

"Cənab Prezident İlham Əliyev yerli media nümayəndələrinə verdiyi müsahibəsində bir çox məsələlərə toxundu. O cümlədən də Fransanın prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazilərinə təxribat xarakterli səfəri ilə bağlı mövqeyini ortaya qoydu və fikirlər söylədi". Bu sözləri SİA-ya açqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, xanım Pekresin Azərbaycan ərazilərinə səfəri faktiki olaraq heçnəyi dəyişmir: "Bu sadəcə olaraq Fransada keçiriləcək seçkilər zamanı erməni lobbisinin səsini qazanmağa hesablanmış bir səfərdir. Cənab Prezident öz çıxışında vurğuladığı kimi burada bir çox mətləblər ortaya çıxır. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi zamanı faktiki olaraq Makron Ermənistanı dəstəkləyirdi və Ermənistanın mövqeyini hər yerdə dəstəkləməyə çağırırdı. Artıq müharibədən bir ildən çox vaxt keçib. Göründüyü kimi burada Paşinyanın xəyanəti ortaya çıxır. Onlar Makronu yox, Pekresi dəstəkləyərək onun təxribat xarakterli səfərini təşkil edirlər. Hərçənd ki, Makron digər həmsədrlərdən fərqli olaraq Ermənistanı dəstəkləyirdi".

Naqif Həmzıyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Fransada “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə bağlı məlum qərarın verilməsi Azərbaycan-Fransa münasibətlərinə böyük bir zərbədir: "Düşünürük ki, istənilən halda bu bəyanatlarla, bu səfərlə heçnə dəyişə bilməz. Çünki cənab Prezidentin rəhbərliyi altında Azərbaycan öz işini görüb, torpaqlarımız işğaldan azad edilib. Xalq-ordu-lider birliyi dəmir yumruğa çevrilərək düşmənin başına elə bir zərbə endirib ki, faktiki olaraq onların ayılması və Azərbaycana qarşı ərazi iddialarını irəli sürməsi məsələsi artıq real deyil. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərini bərpa edir və keçmiş məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına qayıtmasını təmin etmək üçün Azərbaycan dövləti təxirəsalmaz tədbirlər həyata keçirdir. Ancaq göründüyü kimi bu təxribat xarakterli səfər və bunun altında yatan məqamlar, mətləblər var və bunlar hər kəsə bəllidir. İstənilən halda bunlar nə etmək istəsələr də, ona nail ola bilməyəcəklər. Çünki Azərbaycanın mövqeyi artıq beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və artıq Azərbaycanın regiona sülh gətirmək niyyəti faktiki olaraq Azərbaycanın növbəti humanist addımıdır və Ermənistan bütün bunlardan nəticə çıxararaq Azərbaycanın sülh təklifini dəyərləndirməlidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə