“Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmadı və bu mübarizədə qalibik” – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Azərbaycan xalqının taleyinə qanlı faciə kimi daxil olan 20 yanvar faciəsindən artıq 32 il keçir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, neçə illər keçsə də Azərbaycan xalqı bu faciəni heç vaxt unudan deyil.
“20 yanvar Azərbaycan xalqının taleyinə bir qəhrəmanlıq, milli azadlıq hərəkatının genişlənməsi kimi daxil olub. Həmin gün Azərbaycan xalqı öz mübarizliyini, azadlıq və demokratiya uğrunda apardığı mübarizəni bütün dünyaya bəyan etdi, oğul və qızlarımız qandan, qadadan qorxmayaraq öz canlarını Azərbaycanın müstəqilliyi, azadlığı və gələcəyi uğrunda qurban verdilər.
Əlbəttə ki, ilk növbədə bu, xalqımız üçün bir faciə idi. Çünki, Sovet imperiyası, başda Mixail Qorbaçov olmaqla xalqımıza qarşı bir qətliam, bir soyqırım həyata keçirdi. Bu faciə onu göstərdi ki, Sovet imperiyası, onun tərkibində olmağımıza baxmayaraq öz vətəndaşına qəsd etməyə, onu məhv etməyə, milli azadlıq hərəkatının qarşısını silahla, zorla almağa və hər cür təxribatlar törətməyə qadirdir. Bu həm də ona görə bir cəsurluq, mübarizlik, əzm və qətiyyət rəmzi kimi qiymətləndirilir ki, insanlar ölümə qarşı, fəlakətə qarşı getdiklərini hiss etsələr də, duysalar da, ancaq öz vətənlərinin azadlığını, müstəqilliyini hər şeydən üstün tutdular, ölümün gözünə dik baxaraq canlarını Azərbaycanın bu günü üçün fəda etdilər.
Həmin gün, eləcə də sonrakı günlərdə ümumiyyətlə, 147 nəfər öldürüldü, 744 nəfər yaralandı və 841 nəfər qanunsuz olaraq həbs edildi, Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan dəydi, 200-dən çox ev və mənzil, 80-dən çox avtomobil məhv edildi, minlərlə insanlar təqiblərə, təhqirlərə məruz qaldılar. Əlbəttə ki, bu rus şovnizminin, imperiyanın yürütdüyü bir antimilli siyasət idi və Azərbaycan xalqının gözünü qorxutmaq, onun müstəqillik əzmini qırmaq üçün həyata keçirilən bir faciə idi. Bu faciəyə ilk münasibətini bildirən isə Ulu Öndərimiz Heydər Əliyev oldu. O, xəstə olduğu, daimi nəzarətdə yaşadığı halda, yanvar ayının 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və Qarbaçovun təcavüzkar siyasətinə, onun Azərbaycan xalqına qarşı etdiyi təcavüzə öz kəskin etirazını bildirdi. Əlbəttə ki, o dövrdə bu bir qəhrəmanlıq, bir iradə, bir vətəndaş mövqeyi, vətəndaşlıq tələb edirdi və Ümummilli Lider heç bir təqibdən, heç bir tutqudan çəkinməyərək öz səsini bütün dünyaya yaydı. Bu əlbəttə ki, Azərbaycan xalqının mübarizliyini daha da artırdı və Azərbaycan xalqı öz milli liderinə, öz rəhbərinə səsini bir daha vermiş oldu, ona özünün böyük hörmət və ehtiramını bildirərək, sonrakı dövrlərdə müstəqillik, milli azadlıq uğrunda mübarizəsini daha da genişləndirdi.
Bu gün biz həm qürurla, həm də miskilli halda 20 yanvarı qeyd edirik. Lakin, Ulu Öndərimiz hələ o dövrlərdə bildirirdi ki, tökülən qan yerdə qalmayacaq, Azərbaycanın, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını heç bir qüvvə ala bilməz, Azərbaycan xalqı bu mübarizədə öz sözünü deyəcək, istəyinə nail olacaqdır. Əlbəttə ki, bu günlər həmin fikirlərin, həmin müdrik kəlamların həqiqətə qovuşduğunun bir reallıq olduğunu göstərir. 20 yanvar faciəsi Azərbaycan xalqının sonrakı mübariozəsində çox böyük rol oynadı, insanları birləşdirdi, insanların qətiyyətini artırdı, onların düşmənə qarşı mübarizəsini daha da genişləndirdi və biz bu gün 20 yanvarın doğurduğu o çətinliklərin, o faciənin müqabilində xalqımızın hansı şanlı yolu seçdiyini, həmin mübarizələrdən necə qalib çıxdığını görürük, bundan bir qürur hissi keçiririk.
Əlbəttə ki, 20 yanvardan sonra Azərbaycanda baş verən hadisələr insanlarımızı bir çox çətinliklərə sinə gərməyə və düşmənə qarşı mübarizədə mətin olmağa ruhlandırdı. O dövrdə baş verənləri xatırladıqca, biz azadlığımız uğrunda şəhid olanların, bu mübarizədə sağlamlığını itirənlərin qarşısında bir daha baş əymiş oluruq. Bu gün xalqımız 20 yanvar şəhidlərinin ruhunu bir daha etiramla yad edir və Ulu Öndərimizin söylədiyi sözləri dəfələrlə xatırlayır ki, şəhidlərin ruhu daimi sevinəcək, onların qanı yerdə qalmayacaq. Hər il Azərbaycanda 20 yanvar ümumxalq mərasimi kimi qeyd olunur, insanlarımız küçələrə qürurla, iftixarla çıxırlar, çünki onlar Azərbaycanın müstəqilliyi uğrunda dönməz və cəsarətli bir yol keçiblər.
Sözsüz ki, bu yol, bu mübarizlik sonrakı dövrlərdə də özünü göstərdi. 44 günlük döyüş, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü siyasət göstərdi ki, heç zaman düşmənə, Azərbaycan xalqının səsini batırmağa səy göstərənlərə aman verilməyəcək. Azərbaycan xalqı ən çətin gündə birləşməyə, səfərbər olunmağa, öz sözünü deməyə qadirdir. Biz 20 yanvarı qeyd etdiyimiz bu günlərdə sevinirik. Sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmadı, sevinirik ki, mübarizəmiz davam edir, biz bu mübarizədə qalibik, biz öz haqq səsimizi dünyaya bəyan edirik və tutduğumuz yolun dəyərli, uğurlu olduğunu bütün dünyaya nümayiş etdirə bilirik. Allah şəhidlərimizə rəhmət eləsin”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB