Laçın dəhlizi ilə bağlı Prezident iki önəmli mesaj ötürmüş oldu - DEPUTAT MÖVQE BİLDİRDİ
"Cənab Prezident yerli KİV nümayəndələrinə verdiyi müsahibədə çox vacib məqamlara toxundu. Onlardan biri də Laçın dəhlizi ilə bağlı idi. Ölkə Prezidenti hər şeydən öncə onu bildirdi ki, Laçın dəhlizində cərəyan edən proseslərə Azərbaycan tam nəzarət edir. Hətta, bunu dövlət başçısı rəqəmlər üzərindən də səsləndirdi. Laçın dəhlizində Azərbaycanın apardığı müşahidələrə istinad edərək, ölkə Prezidenti bildirdi ki, Azərbaycan ərazilərində hazırda 27 min erməni yaşamaqdadır". Bunları SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, Laçın dəhlizi ilə bağlı danışarkən cənab Prezident iki önəmli mesaj ötürmüş oldu. Həmin mesajlardan birincisi bu reallığı əks etdirir ki, Azərbaycan ərazilərində ermənilər artıq yaşamaq istəmirlər, təbii ki, bunun da səbəbi onların yaşaması üçün mövcud olmuş əvvəlki şəraitin olmamasıdır. Çünki əvvəllər ermənilər Azərbaycan ərazisində cəzasızlıq şəraitində seperatizm ilə məşğul olurdular. Oraya çoxsaylı qanunsuz səfərlər həyata keçirilirdi. Təbii ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olması səbəbi ilə ermənilər özlərinə təhlükəsizlik qurşağı yarada bilmişdilər və sərbəst mövcudluqlarını davam etdirə bilmişdilər. İndi Şuşadan Xankəndi çox aydın görünməkdədir. Bu da erməniləri çox ciddi narahat edir. İndi onların tək yolu ondan ibarətdir ki, Azərbaycan qanunlarına tabe olub separatizm meyillərindən tam uzaq duraraq öz mövcudluqlarını davam etdirsinlər. Belə istəkdə olmayan ermənilər artıq Azərbaycanda qalmaq imkanlarının olmadığını düşünürlər.
Elşad Mirbəşiroğlu bu barədə fikirlərini belə izah edib: "Cənab Prezident bildirdi ki, müharibə dövründə və müharibədən sonra ərazini tərk etmiş ermənilərdən 38 mini geri qayıdıb. Sonradan onlardan 11 mini Azərbaycan ərazilərini birdəfəlik tərk edib. Bu da az öncə səsləndirdiyim fikrin bir təsdiqidir.
Digər mesaj ondan ibarətdir ki, cənab Prezident Xankəndiyə və ermənilərin kompakt yaşadığı digər ərazilərə girişin rahat çıxışın isə problemli olduğunu bildirdi. Yəni bu da o anlama gəlir ki, ermənilərin Azərbaycan ərazilərində qalmasında maraq mövcuddur. Yəni, bu maneələri də yaradan təbii ki, Laçın dəhlizində missiya yerinə yetirən sülhməramlı kontingentidir. Düşünürəm ki, bu məqamlar hər şeydən əvvəl ona dəlalət edir ki, Azərbaycan Laçın dəhlizinədəki vəziyyətə nəzarəti həyata keçirir. Ölkə Prezidenti aydın mətnlə ifadə etdi ki, Laçın dəhlizində istənilən prosesə müdaxilə etmək imkanımız var. Prezident belə qeyd etdi ki, orada istədiyimiz maşını saxlaya bilərik. Bütün bunlar cənab Prezidentin toxunduğu çoxsaylı məqamların kiçik bir hissəsidir. Bütövlükdə ölkə Prezidenti işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın suverenliyinin etibarlı şəkildə təmin olunması və digər məsələlərlə bağlı ünvanlanmış suallara cavabında məlumat dolğun vermiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB