“Müxalifət hər cür yalan və böhtan söyləməklə əhalinin bir hissəsinin narazılığını artırmağa çalışır” AÇIQLAMA

“Azərbaycan müxalifətinin bir hissəsi Qazaxıstanda ilin ilk günlərində başlayan iğtişaşları sevinclə qarşıladı. “Narıncı inqilab”lardan, “Ərəb baharı”ndan istədiyi nəticəni ala bilməyən müəyyən qüvvələr bütün ümidlərini “qazax qışı”na bağladılar. Səbəb aydındır. Həm “Milli Şura”, həm AXCP, həm də onlarla eyni mövqedə duranlar anlayırlar ki, normal seçki yolu ilə hakimiyyətə gəlmək imkanları yoxdur”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, müxaliflər arasında nə xalqa ümid verəcək, arxasınca aparacaq xarizmatik lider var, nə də insanları müxalifətə dəstək verməyə həvəsləndirəcək proqramları: “Təbii ki, bu şəraitdə ümid xarici qüvvələrə, onların hərtərəfli yardımı ilə respublikada iğtişaş törətməyə və zorakı vasitələrlə hakimiyyəti ələ almağa qalır. Məhz bu səbəbdən müxalifətin bir hissəsi hər cür yalan, böhtan söyləməklə əhalinin bir hissəsinin narazılığını artırmağa və onların vasitəsilə icazəsiz kütləvi tədbirlər təşkil etməyə çalışır. Həmin qüvvələr onu da anlayırlar ki, bu yolla kifayət qədər qüvvə toplaya bilməyəcəklər. Çünki müxtəlif səbəblərdən narazı olan insanların sayı o qədər çox deyil və iğtişaş törətmək üçün qətiyyən kifayət etməyəcək”.

A.Səmədov onu da bildirdi ki, müxalif qüvvələrin əsas ümid yeri yenə də Azərbaycanda sabitliyi pozmaqda, hakimiyyət dəyişikliyində maraqlı olan xarici qüvvələrə qalır: “Onların yardımlarına, ilk növbədə, maliyyə dəstəyinə arxalananlar Qərb dövlətlərinə yarınmağa və onların antiazərbaycan addımlarına heç bir reaksiya verməməyə çalışırlar. Məlumdur ki, ötən ilin sonunda ABŞ prezidenti “Milli müdafiə haqqında Qanun”u imzaladı. Bu qanunda Azərbaycan və Türkiyə 27 sentyabrda hərbi əməliyyatları başlamaqda, müharibə cinayətlərində, “erməni əsirləri” ilə qeyri-insani davranışda, “əsir” erməni qadınlarını cinsi istismara məruz qoymaqda və s. cinayətlərdə günahlandırılır. Bu böhtanlara müxalifət partiyaları etiraz etdimi? Təbii ki, yox. Onlar ağalarına necə etiraz edə bilər ki? Çox təəssüf ki, günümüzün reallığı budur. Hakimiyyət “yanğısı” bəzi müxalif qüvvələrin gözünü elə tutub ki, milli maraqları ayaq altına qoymağa, xalqın və dövlətin mənafeyini öz şəxsi istəklərinə qurban verməyə hər an hazırdırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə