İnsan özünə sui-qəsd etmək istəyir - DEPUTAT MARAQLI MƏQAMLARI ŞƏRH ETDİ

İnsan özünə sui-qəsd etmək istəyir - DEPUTAT MARAQLI MƏQAMLARI ŞƏRH ETDİ

"Gərək hər bir kəs vəzifəsindən irəli gələn məsələləri vicdanla yerinə yetirsin. Əgər, hər bir kəs öz vəzifəsini vicdanla yerinə yetirsə, o zaman narazı insanlar da olmaz". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən deyib.

Onun sözlərinə görə, biz bu gün cəmiyyətimizə nəzər saldıqda xeyli sosial cəhətdən narazı olan insanları görürük: "Əgər, həmin narazı insanların problemləri aidiyyatı qurumlara müraciət olunan zaman həll olunsaydı, həmin insanlar problemlərini mətbuata, sosial şəbəkələrə daşımazdı. Narazı insanların şikayətlərini dinləyəndə artıq bilinir ki, ola bilsin ki, onun sənədləri doğru deyil və yaxud da müraciətləri tam olaraq qanuni deyil. Bu kontekstdən ona görə də hər zaman qeyd edirəm ki, bəzən yeni təyinatlar özünü doğrultmur. Cənab Prezident İlham Əliyev yerli kanallara müsahibəsində də qeyd etdi ki, onlar ilk gündən özlərini yaxşı göstərir, sonradan isə köhnə qaydalarla hərəkət edirlər.

Məsələ burasındadır ki, bir vəzifəli şəxs hər hansı bir yerə təyinat alırsa, ortada olan problemləri həll etməli, insanlar üçün şərait yaratmalıdır, investisiyaya cəlb etməli, işçilərə yaxşı şərait yaratmalı və qanunsuz hərəkətlərin qarşısını almalıdır. Bir çox vəzifəli şəxslər isə tam əksinə heç otağından çölə çıxmaq istəmir, şikayətçiləri dinləmək istəmir. Əslində hər bir vəzifəli şəxs yaranan problemi özü həll etməyə çalışsın. Əgər şikayətçinin müraciəti düzgün yazılmayıbsa ona kömək etməli, onu düzgün stansiyaya yönləndirməlidir. Elə hallar olur ki, insan özünə sui-qəsd etmək istəyir. Əlbəttə ki, bu kimi hallara yol vermək olmaz. Ona görə də hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətində çox ciddi islahatlara ehtiyac var".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə