“Ermənistanın təxribatları cavabsız qalmır və bundan sonra da qalmayacaq” – Aydın Hüseynov

“Ermənistanın təxribatları cavabsız qalmır və bundan sonra da qalmayacaq” – Aydın Hüseynov

“Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi növbəti təxribat tərəflər arasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında 2020-ci il 10 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəlarına ziddir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyirik: “Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməsi üçün beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti lazımi səviyyədə təsir göstərməlidir. 30 il işğalçılıq siyasəti yürüdən, Azərbaycanın suveren hüquqlarını əngəlləyən, torpaqlarımızı talayan, təbii sərvətlərimizi istismar edən Ermənistan məhz cəzasızlıq səbəbindən təxribatlarını davam etdirir. Azərbaycan 44 günlük Vətən müharibəsində öz sözünü dedi, işğalçı ordunu torpaqlarımızdan qovdu. Nəhayət dünya birliyi apardığımız ədalətli müharibədə bizim haqlı olduğumuzu qəbul etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, 30 illik işğala son qoyuldu. Bu gün Azərbaycan Ermənistanla sərhədlərinin demilitasiya və demarkasiya proseslərinə hazırlaşır. Ermənistan isə bütün vasitələrlə məsələnin həllinə mane olmağa çalışır. Son təxribatlar da buna hesablanıb. Amma Ermənistanın təxribatları cavabsız qalmır və bundan sonra da qalmayacaq”.

A.Hüseynov əlavə edib ki, bu təxribatlar həm də onu göstərir ki, Ermənistanın dövlət idarəçiliyində hələ də problemlər var: “Prezident Sarkisyanla baş nazir Paşinyan arasında qarşıdurma gizli şəkildə aparılsa da, hökumətdəki, xüsusən də güc strukturlarındakı revanşist qüvvələrlə mübarizə daha açıq forma alıb. Görünür, Müdafiə Nazirliyində hələ də eks-prezidentlərin təlimatları ilə hərəkət edən bəzi generalların qalması və Paşinyanın orduya nəzarət edə bilməməsi səbəbindən təxribatların qarşısını almaq hələlik mümkün deyil. Ermənistan rəhbərliyinin və silahlı qüvvələrinin təxribatçı əməllərin bədəlini isə sadə insanlar ödəməli olur. Belə olan halda beynəlxalq və regional təşkilatların, xarici ölkələrin insan hüquqları təsisatlarının Ermənistanın təxribatlarına münasibət bildirməsi vacibdir və bu, gecikməməlidir. Digər tərəfdən, qeyd edək ki, Ermənistan tərəfindən dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur. Biz Ordumuza güvənirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə