Bu il hər bir vətəndaş özünü Şuşanın bir parçası kimi hiss edəcək - İDARƏ RƏİSİ MÖVQE BİLDİRDİ

Bu il hər bir vətəndaş özünü Şuşanın bir parçası kimi hiss edəcək - İDARƏ RƏİSİ MÖVQE BİLDİRDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi həm respublikamızda, həm də respublikamızdan kənarda yaşayan soydaşlarımız tərəfindən böyük coşqu və sevgi ilə qarşılandı. Gənclər və idman sahəsində çalışan mütəxəssislər, bu sahədə fəalliyyət göstərən insanlar da təbii ki, çox sevinirlər. 2022-ci ilin “Şuşa İli” elan olunması böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycanımızın dilbər guşəsi olan Qarabağımızın gözü olan Şuşanın bərpasının eyni zamanda cənab Prezidentin "Şuşa biz səni dirçəldəcəyik" kəlməsinin davamıdır". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O, qeyd edib ki, əməli işləri ilə cənab Prezident bunu sübut edir. Digər tərəfdən məlum olduğu kimi işğal dövrü ərzində bütün infrastruktura, yollara, mədəni, tarixi abidələrə, şəhərlərə, kəndlərə, təbiətin flora və faunasına ciddi ziyan dəyib. “Şuşa İli”nin elan olunması Qarabağımıza yeni nəfəs gətirəcək. Bu təkcə silsilə tədbirlər beynəlxalq konfranslar, mədəniyyətlə bağlı olaraq musiqi festivalları, idmanla bağlı olan yarışlar, gənclərlə bağlı olan simpozium və konfranslar deyil, bu həm də dünyanın ürəyinin Şuşa ilə döyünməsi deməkdir.

Raqif Abbasov bu barədə fikirlərini belə izah edib: "Eyni zamanda bu Şuşaya turist axının gəlməsi deməkdir. Bu həm də sülhə, gələcəyə inteqrasiyaya, inkişafa atılmış addımdır. Bizlər də hər birimiz öz əməli işlərimizlə çalışmalıyıq ki, bu il yadda qalan olsun. Pənahəli xanın adına və tarixə cənab Prezident tərəfindən verilmiş böyük hörmət, diqqət məhz onun göstəricisidir ki, eyni zamanda “Şuşa İli” ərzində tariximizlə bağlı maraqlı layihələri gözləyirik. Birmənalı olaraq həm də onu vurğulamaq lazımdır ki, müstəqilliyi yenidən əldə edəndən sonra hər il cənab Prezident illəri tarixi hadisələrlə bağlayıb. Bu il “Şuşa İli”nin elan olunması zaman keçəcək, məhz tarixi qərar kimi gələcəkdə qəbul ediləcək. Ümidvarıq ki, bu il hər bir Azərbaycan vətəndaşı özünü Şuşanın bir parçası kimi hiss edəcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi olaraq biz də Gənclər və İdman Nazirliyinin tapşırıqlarına əsasən 2022-ci il tədbirlər planında həm gənclər sahəsi, həm də idman sahəsi üzrə “Şuşa İli” ilə bağlı silsilə tədbirlər planını həyata keçirməyi planlaşdırmışıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə