Biz preventiv addımların atılmasına məcbur olacağıq - MÜNASİBƏT BİLDİRİLDİ

Biz preventiv addımların atılmasına məcbur olacağıq - MÜNASİBƏT BİLDİRİLDİ

"Erməni təxribatları çox təəssüflər olsun ki, hələ də davam edir. Bu təxribatların əsas səbəbi odur ki, Ermənistanda olan siyasi qüvvələr Azərbaycanla olan münasibətlərin tənzimlənməsini istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə qeyd edib.

Onun sözlərinə görə, siyasi qüvvələr müəyyən konstruktiv məcrada gedən prosesləri əngəlləmək istəyirlər, xüsusilə də delimitasiya və demarkasiya ilə bağlı olan prosesləri əngəlləmək istəyirlər: "Ermənistan tərəfində siyasi qüvvələr xətlərin, kommunikasiyaların açılmasını istəmirlər. Bu məsələlər təəssüflər olsun ki, belə gərginliklərin yaranmasına səbəb olur. Digər tərəfdən isə bəzi hallarda biz Ermənistan siyasi rəhbərliyinin iradəsizliyinin şahidi oluruq. Onların sözləri ilə əməlləri bir-birini tamamlamır. Sözdə bir şey deyirlər, əməldə isə başqa cür hərəkət edirlər. Bu da həmin dövlətin zəifliyindən xəbər verir. Həmçinin bu hərəkətlərlə digər siyasi qüvvələrin əlində Ermənistan rəhbərliyi bir növ alətə çevirilib. Rəhbərliyi istədikləri kimi idarə edirlər. Təəssüflər olsun ki, bu təxribatların nə zaman bitəcəyi məlum deyil.

Qeyd etmək istərdim ki, bu təxribatlar ona görə hələ də davam edir ki, bu məsələlərə kifayət qədər sərt reaksiya verilmir, xüsusilə də sülhməramlılar tərəfindən. Bu məsələlər dəfələrlə ictimaiyyət tərəfindən müzakirə olunub. Düşünürəm ki, Azərbaycan rəhbərliyi tərəfindən bununla bağlı müəyyən mesajlar Rusiya rəhbərliyinə çatdırlıb. Bu təxribatlar əgər davamlı xarakter alsa, biz preventiv addımların atılmasına məcbur olacağıq. Həmin regionlarda bizim xüsusi təyinatlılar da öz vəzifələrini həyata keçirirlər. Əgər bu təxribatların qarşısı sülhməramlılar tərəfindən alınmazsa bizim xüsusi təyinatlılar hesabına bu təxribatların qarşısı alınmalı olacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə