Yaşadığı zamanın hadisələrini tarixləşdirən yazıçı ŞƏRH

Yaşadığı zamanın hadisələrini tarixləşdirən yazıçı ŞƏRH

Dövlət başçısının Sərəncamı ilə ədəbiyyatımızın inkişafındakı böyük xidmətlərinə görə Vidadi Babanlı "Şərəf" ordeni ilə təltif edilib

Dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və təbliği ilə bağlı çoxsaylı işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsimizin, incəsənətimizin, mənəvi dəyərlərimizin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir. Bu gün əminliklə deyə bilərik ki, daş yaddaşlara hopmuş tarixi mədəni irsimiz qorunub saxlanılır, muzeylər, teatrlar, konsert salonları təmir edilir, tikilir. Ölkəmizin hər bir yerində mədəniyyət mərkəzləri açılır. Azərbaycanda dövlət başçısının məlum sərəncamları ilə "İmadəddin Nəsim ili", daha sonra "Nizami Gəncəvi ili" elan olunması əlbəttə ki, ölkəmizdə klassik, ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin dahi simalarına olan qayğının ən böyük göstəriciləridir. Azərbaycan xalqının böyük, dahi klassiklərinin bütün bəşəriyyətə verdiyi misilsiz töhfələr, zəngin yaradıcılıq yenidən vərəqlənir, öyrənilir və tədqiq olunur.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinə, incəsətinə xidmət etmiş və yaradıcılıq irsi ilə mədəni irsin qorunmasına, milli dəyərlərimizin aşılanmasına, gənc nəslin milli ruhda tərbiyə olunmasına töhfələr vermiş yaradıcı insanların mükafatlandırılması və onlara fəxri adların verilməsi həmin şəxslərin əməyinə verilən qiymət olmaqla yanaşı, yaradılığını stimullaşdırılmasına, daha böyük ruhla yazıb-yaratmasına böyük təsir göstərir. Yaradıcı əməyin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Bu gün yaradıcı insanlara göstərilən diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. 95 yaşlı qocaman yazıçı Vidadi Babanlının Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilməsi onun əməyinə verilən böyük qiymətdir. Uzun illər yaradıcılıqla məşğul olan V.Babanlı yaratdığı əsərləri ilə Azərbaycan ədəbiyyatına yeni bir rəng və nəfəs gətirmişdir. 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulan V.Babanlı orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, daha sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri kimi çalışmışdır. Müxtəlif "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir. Bir müddət C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, daha sonra "Yazıçı" nəşriyyatında baş redaktor müavini olmuşdur.

Yaradıcılıq yoluna nəzər salsaq görərik ki, onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır.

Zəngin yaradıcılıq irsinə malik olan yazıçı 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaratmış, əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. "Gəlin", "Tanışlarım və dostlarım", "Ayazlı gecələr", "Həyat bizi sınayır", "Vicdan susanda", "Müqəddəs ocaq", "İnsaf nənə", "Ömürlük cəza", "Bulanlıq dünya" və s. əsərləri ona şöhrət qazandırmışdır. Akademik Nizami Cəfərov onun yaradıcılığını səciyyələndirərkən belə yazırdı: "Vidadi Babanlı istər 70-ci, istər 80-ci, istərsə də müstəqillik illərində qələmə aldığı əsərləri dövrün, zamanın ən ağrılı, cəmiyyəti ən çox düşündürən problemlərinə həsr olunmuşdur. Və ustalıqla yazılmış həmin əsərlərin də qəhrəmanı həyatın müxtəlif təzyiqləri qarşısında öz daxili aləmini bütün miqyası ilə nümayiş etdirməklə yaşadığı dövrün "Tərcümeyi-halını tarixləşdirən İnsandır".

Yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmiş Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. 2002-ci ildən Prezident təqaüdçüsüdür. 95 yaşında isə dövlət başçımız tərəfindən "Şərəf" ordeni ilə təltif edilib. Bu sənətkar üçün ömrün ahıl çağında ən böyük qiymət və hədiyyədir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə