Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib - TƏHLİL

Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsini dəstəkləyib - TƏHLİL

Prezident İlham Əliyevin təşəbbüsünün 179 ölkə dəstəklənməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir

“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur”. Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin tvitterdəki rəsmi hesabındakı paylaşımda bildirilir. “Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün qlobal səylərdə aparıcı rolunu davam etdirəcək", - deyə qeyd olunur. Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsinin dəstəklənməsi bir daha pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi”, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətə inamının göstəricisidir. Xüsusilə də, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləməklə bir daha deyilənlərin real təzahürüdür.

Belə ki, dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib. 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs verməyib. Bu, Azərbaycanın mövqeyinin nə dərəcədə güclü olduğunun göstəricisidir.

“BİZ BİRLİKDƏ GÜCLÜYÜK” ŞÜARI İLƏ PANDEMİYAYA QARŞI SAVAŞAN AZƏRBAYCAN NÜMUNƏSİ

Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə pandemiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir sıra qlobal təşəbbüslərlə çıxış edərək qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Bu sırada dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabrında 150-dən çox ölkənin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Bununla yanaşı, xatırlayırsınızsa, koronavirusa qarşı vaksinlərin yeni istifadəyə buraxıldığı dövrdə bəzi ölkələr “peyvənd millətçiliyi” edərək onların bölünməsində qeyri-bərabərliyə üstünlük verirdilər. Əlbəttə, dünyada qlobal gücə çevrilən Azərbaycan rəhbərinin diqqətindən bu məqam yayına bilməzdi. Nəticədə, Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin martında yekdilliklə qəbul olunub. Bir sözlə, Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə qlobal səviyyədə liderliyini davam etdirir. Çünki Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaxasını kənara çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində hətta dünyaya da öz töhfəsini verdi. Pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Bəli, 2020-ci il, noyabrın 10-u. Azərbaycan Xalq-İqtidar-Ordu birliyi ilə Qarabağa qovuşdusa, tarixi ədalət bərpa olundusa, Qarabağ problemimizin Qalib Nidası qoyuldusa, pandemiyaya qarşı mübarizədə də bir olmalıyıq. Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı hər bir uğurlu addımı xalqımızda nikbinlik yaradır. Xalqımızın öz Prezidenti ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. “Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib.

Bu birnliyin nəticəsidir ki, Azərbaycan MDB-də COVID-19 əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur.

PREZİDENT İLHAM ƏLİYEV: “DÜNYADA PEYVƏNDLƏRİN BÖLÜŞDÜRÜLMƏSİNDƏ MÜŞAHİDƏ EDİLƏN AYRI SEÇKİLİK MƏYUSLUQ YARADIR”

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaratdığını demişdir. Və bildirmişdir ki, Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə təmənnasız olaraq COVİD-19 əleyhinə vaksinlər göndərib.Heç təsadufi deyil ki, Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Məhz Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapması, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması və Prezident İlham Əliyevin təşəbbüslərinin beynəlxalq müstəvidə də dəstəklənməsi dünya dövlətlərinin Azərbaycan dövlətinə inamının göstəricisidir.

Beləliklə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin tviterdəki rəsmi hesabındakı paylaşımda deyildiyi kimi: "Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur". Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 18 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə