Prezident İlham Əliyev: “Əminəm ki, 2022-ci il də uğurlu olacaq” - ŞƏRH

Prezident İlham Əliyev: “Əminəm ki, 2022-ci il də uğurlu olacaq” - ŞƏRH

"Bildiyiniz kimi, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər". Bunları Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.

“MƏN İSƏ PREZİDENT KİMİ, ALİ BAŞ KOMANDAN KİMİ HƏR ZAMAN AZƏRBAYCANIN MARAQLARININ KEŞİYİNDƏ DURACAĞAM”

Dövlət başçısı bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmiz üçün uğurlu olacaq: “Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Prezident İlham Əliyev müraciətində onu da söyləyib ki, il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq: “2021-ci il ölkəmiz üçün uğurlu il olub. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”.

Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, bu il Azərbaycan Türk Şurasına sədrliyini uğurla başa vurdu: “Bildiyiniz kimi, noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılmışdır və bu təşkilat Qoşulmama Hərəkatı kimi Azərbaycanın haqlı işində daim bizə dəstək olmuşdur, Ermənistan-Azərbaycan münaqişəsi dönəmində daim dəstək ifadə etmişdir və son zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər ifadə olunmuşdur”.

AZƏRBAYCAN 2022-Cİ İLƏ YÜKSƏLİŞLƏ, HƏMRƏYLİKLƏ, QURUCULUQLA QƏDƏM QOYDU

Bir sözlə, geridə qoyduğumuz 2021-ci il dünyada müxtəlif hadisələrlə, əsasən də koronavirus pandemiyasının hələ də davam etməsi ilə yadda qaldı. Bununla yanaşı, hər bir dövlət ötən ili bir-birindən fərqli ab-havada başa vurdu. Bir qisim ölkələr ədalətsiz münaqişələrin, terrorun ağrı-acısını, bəziləri isə siyasi və iqtisadi problemlərin çətinliklərini yaşadı, bəziləri də nikbin notlarla, uğurlarla başa vuranlar da oldu.

Bütövlükdə, bütün bunlar yenicə qarşılaşdığımız 2022-ci ilin də növbəti uğurlu onilliklərə doğru atılacaq addamların tərkib hissəsi olacaq, hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək və ölkəmiz 2022-ci ildə də böyük uğulara nail olacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə