"Rusiya SSRİ-nin yenidən bərpa olunma ehtimalını Qərbə çatdırmağa çalışdı" - MÜNASİBƏT BİLDİRİLDİ
"MDB-nin yaranmasından 30 il keçməsinə baxmayaraq fəaliyyətində ciddi bir irəliləyişin, müsbət məqamların müşahidə olunmaması təşkilatın sağlam təməllərə əsaslanmadığını bir daha göstərir. Təsadüfi deyil ki, təşkilatın dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət etmək prinsipini qoruyub saxlaya bilməməsi onun fəaliyyəti barədə mənfi fikir formalaşdırır. Belə ki, Ermənistanın Azərbaycana qarşı illərdir ki, işğalçılıq, separatçılıq siyasətini yeritməsi və Rusiyanın ona himayədarlıq etməsi, habelə Rusiyanın Gürcüstanın və Ukraynanın suverenliyini pozaraq, onlara məxsus əraziləri ilhaq etməsi MDB-nin bir təşkilat kimi mövcudluğunu sual qarşısında qoyur". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov bildirib.
Onun sözlərinə görə, böyüklüyündən, hərbi gücündən asılıq olmayaraq dövlətlərin vahid qanunlar, norma və prinsiplər çərçivəsində bərabərliyinin, eyni düşmənə qarşı birliyinin, həmrəyliyinin təmin olduğunu NATO-dan fərqli olaraq MDB-də daha çox Rusiyanın “böyük qardaş” rolu nəzərə çarpır: "Rusiyanın belə bir statusda mövqeyini möhkəmləndirməsi, dövlətlərə münasibətdə hərbi güc amilindən istifadə etməsi, daha çox öz mənafeyini önə çəkməsi təşkilat üzvlərinin fəaliyyətində soyuqluğun yaranmasına səbəb olur. Təşkilat üzvlərinin sayının getdikcə azalması, NATO-ya meyillənməsi bunun bariz nümunəsidir.
Prosesin qarşısıalınmaz vəziyyət aldığını yaxşı anlayan Vladirmir Putinin keçirdiyi mətbuat konfransında keçmiş sovet respublikalarının NATO-ya daxil olmasının mümkünsüz olduğunu dilə gətirməsi və Avropa dövlətlərini hədələyəcək bəyənat səsləndirməsi bir daha Rusiyanın hərbi gücünə üstünlük verdiyini qətiləşdirdi. Bununla Rusiya keçmiş sovet respublikaların müstəqilliyinin formal xarakter daşıdığını, SSRİ-nin yenidən bərpa olunmaq ehtimalının olduğunu yenidən Qərbin diqqətinə çatdırmağa çalışdı.
Məhz 28 dekabr 2021-ci il tarixində Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi dövlətlərarası siyasi-iqtisadi-mədəni əlaqələrin yaxılaşdırılmasını özündə əks etdirmiş olsa da, Rusiyanın ənənəvi maraqlarından kənara çıxmadığı açıq görünür. Belə düşünmək olar dünyanın geosiyasi mənzərəsinin gərginləşən təbiəti, Avropanın – NATO-nun Şərqə doğru genişlənmək planları, Ukrayna probleminə görə Rusiyaya qarşı sanksiyaların artma ehtimalları onu ciddi narahat edir. Məhz görüşün ənənəvi xarakter daşımasına baxmayaraq qeyd olunan narahatlıqdan irəli gələn məsələlərlə bağlı danışıqların aparıldığı, Rusiyanın mövqeyinin bir daha üzvlərə çatdırıldığı istisna edilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB