Qələbə bizim həmrəyliyimizi daha da artırıb - ŞURA SƏDRİ ŞƏRH ETDİ
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 31 dekabr gəlir və əslində bu günün məhz 31 dekabr tarixinə təsadüf etməsi də onun əhəmiyyətini daha çox artırır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Şura sədri vurğulayıb ki, dünyada mövcud olan 50 milyonluq Azərbaycan xalqı bu günü, məhz ilin son gününü qeyd etməklə yeni ilə həmrəy olaraq və həmrəyliyini nümayiş etdirərək daxil olur, il boyu da o həmrəyliyi nəticəsində Azərbaycan xalqı birliyini qoruyaraq onun qarşısında olan bütün çətinliklərin həllində birgə çalışmağa səy göstərir.
“Ümumiyyətlə, Azərbaycan xalqı müasir tarixində öz həmrəyliyini dəfələrlə nümayiş etdiribdir. Biz Azərbaycan tarixinə nəzər salsaq görərik ki, istər Azərbaycan müstəqilliyini əldə etməsi dönəmində, 20 yanvar faciəsi zamanı, eləcə də 1992-ci il hadisələrində xaotik şəkildə siyasi çəkişmələr zamanı Azərbaycan xalqı öz həmrəyliyini nümayiş etdirmiş və çətinliklərdən, sınaqlardan üzü ağ çıxıbdır. Bunun bariz nümunəsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra xalqı öz ətrafında birləşdirmək və Azərbaycan xalqının da həmrəy olaraq onun ətrafında birləşməsi 15 iyun Qurtuluş Günündən sonra Azərbaycanın o çətin dönəmlərdən alnı açıq çıxmasına səbəb oldu və Azərbaycan dövlətçiliyi bərqərar oldu, gücləndi.
Son hadisələrdə də, ondan sonrakı proseslərdə də Azərbaycan xalqı öz həmrəyliyini nümayiş etdirdi və Ümummilli Lderin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında birləşərək Azərbaycan dövlətinin daha da çiçəklənməsində, güclənməsində müstəsna rol oynadı. Bu gün demək olar ki, erməni işğalına qarşı 30 il müddətində 50 milyonluq Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək həm Azərbaycanın daxilində, həm də xaricdə bütün səylərini əsirgəmədi. Azərbaycanın xaricdə fəaliyyət göstərən, lobbiçilik edən diaspora təşkilatları öz fəaliyyətləri ilə nümunə oldular, beynəlxalq təşkilatlarda, beynəlxalq arenalarda, dünyanın aparıcı kütləvi informasiya vasitələrində hər vasitə ilə Azərbaycan həqiqətlərini dünyaya yayılmasında öz xidmətlərini əsirgəmədilər.
Nəhayət, 44 günlük ikinci Qarabağ müharibəsində, Vətən müharibəsində Azərbaycan xalqı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birlik nüayiş etdirərək Qarabağın azad olunmasında müstəsna rol oynayaraq, düşmənə ağır, sarsıdıcı zərbə vuraraq Azərbaycan torpaqlarını azad etdi, ərazi bütövlüyümüzü bərpa etdi. Məhz həmin günlərə biz nəzər salsaq Azərbaycan xalqının necə həmrəy olduğunun şahidi olarıq və öz Ali Baş Komandanının ətrafında birləşərək onun əmrlərini icra etməsi və bu əmrlərin sayəsində ordumuzun qısa bir müddət ərzində zəfər çalaraq Azərbaycan ərazilərini işğaldan azad etməsi bir nümunə idi. Ordu ilə yanaşı Azərbaycan xalqının da öz ordusunun arxasında durması və hər vəchlə Azərbaycan Ordusuna, Ali Baş Komandana dəstək olması həmrəyliyin bariz nümunəsi idi. Bu həmrəyliyin ən böyük zəfəri isə bizim mədəniyyət paytaxtımız Şuşa şəhərinin azad edilməsi oldu və bununla da düşmənin beli sındırılaraq torpaqlarımız düşməndən azad olundu, düşmən ordusuz qalaraq təslimçilik aktına imza atmaq məcburiyyətində qoyuldu. Məhz bu müzəffər Ali Baş Komandanın səyi, onun qətiyyəti və ətrafında birləşən Azərbaycan xalqının həmrəyliyinin, birliyinin nəticəsi idi.
Biz ötən ildə bu həmrəyliyi qələbə ruhu ilə qeyd etdik və bu il də qələbə ruhu ilə həmrəyliyimizi qeyd edirik. Əvvəldən həmrəy idik, amma bu qələbə bizim həmrəyliyimizi daha da artırıb. Azərbaycan xalqının bu gün başı dikdir və biz qarşıdan gələn yeni ildə həmişə olduğu kimi daha arzulamırıq ki, işğaldan azad olunmuş torpaqlarımızda yeni ili qeyd edək. Bu gün biz artıq öz torpaqlarımızda bunu qeyd edirik və bu gün dünyanın ən xoşbəxt xalqlarından biri də məhz Azərbaycan xalqıdır. Ona görə ki, öz torpaqlarını azad etmiş və əzəli düşməni olan ermənilərə sarsıdıcı zərbə vuraraq nəyə qadir olduğunu ortaya qoyubdur.
Eyni zamanda fürsətdən istifadə edib qarşıdan gələn yeni il münasibəti ilə başda cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla 50 milyonluq Azərbaycan xalqını ürəkdən təbrik edirəm, hər bir kəsə xoşbəxtlik arzulayıram. Qələbələrimizin sayı çox olsun və bundan sonra bizim tariximizə ancaq zəfər günləri, qələbələr və xoş tarixi günlər qismət olsun və təbii ki, bu da qismət olacaq, çünki biz həmrəyik, birik və birliyimiz də, cənab Prezident qeyd etdiyi kimi, əbədidir, sarsılmazdır”, deyə Anar Xəlilov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB