"Bu gün bir daha həmrəy olaraq əlimizdən gələni etməliyik" - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

"Bu gün bir daha həmrəy olaraq əlimizdən gələni etməliyik" - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

Bildiyimiz kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. SİA mövzu ilə bağlı Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun fikirlərini öyrənib.

Abutalıb Səmədov bildirib ki, 90-cı illərdən başlayaraq Naxçıvan müstəqillik uğrunda mübarizənin önündə gedirdi və ən mühüm qərarlar da Naxçıvanda qəbul olunurdu: "Sonradan Azərbaycan Respublikasının parlamenti bu qərarları qəbul etmək məcburiyyətində qaldı. Bildiyimiz kimi 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi ilə bağlı təşəbbüs də ilk dəfə bu parlamentdə qəbul edildi. Bu həmrəyliyi, birliyi təmin etməsək, bizim ciddi hədəflərə çatmağımız, ciddi hədəflərə nail olmağımız həddindən artıq çətindir. Etiraf etməliyik ki, bu istiqamətdə Azərbaycan diasporu, xaricdə yaşayan azərbaycanlılar əvvəlki dövrlərə nisbətən kifayət qədər işlər görüb. Bu gün biz bir daha həmrəy və birlik olaraq xalqımız üçün, dövlətimiz üçün əlimizdən gələni etməliyik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə