"Komando birləşmələrinin yaradılması ordumuzun güclənməsinə dəlalət edir" - EKSPERT RƏYİ

"Komando birləşmələrinin yaradılması ordumuzun güclənməsinə dəlalət edir" - EKSPERT RƏYİ

“Əvvəla qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 60 illik yubileyini Hadrutda, Qarabağ ərazisində keçirməsi xüsusi rəmzi məna daşıyır. Hadrutun seçilməsi əlbəttə, təsadüfi deyil. Çünki dövlətimizin başçısı məqsədli şəkildə bir neçə dəfə xatırlatdı ki, Hadrut keçmiş DQMV-nin bir rayonu və həmin subyekt də Azərbaycanın ayrılmaz, konstitusion ərazisi idi. Burada komando hərbi birləşməsinin yaradılması o deməkdir ki, əgər Ermənistanın Qarabağla bağlı hansısa məkrli planları olarsa, indi Azərbaycan Ordusunun həmin təhlükələrə qarşı daha effektiv və çevik mübarizə aparmaq üçün xüsusi bölmələri var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Ekspertin sözlərinə görə, Ermənistan hətta öz ərazisində Azərbaycana qarşı təxribatlar hazırlasa da, dərhal qarşısı alınacaq: “Yəni bundan sonra sərhəddən örtük kimi istifadə etmək cəhdləri alınmayacaq. Hadrutda komanda briqadasının yaradılması məhz bu məqsədə xidmət edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, komando briqadasının yaradılması təkcə Hadrut qəsəbəsi ilə məhdudlaşmayacaq, digər ərazilərimizdə də bu cür briqadaların yaradılması prosesinə artıq start verilib”.

C.Əhmədli vurğulayıb ki, Komando briqadalarının yaradılması Azərbaycan ordusunun müasirləşməsi və daha da güclənməsinə dəlalət edir: “Nəzərə almaq lazımdır ki, Qarabağda anti-terror əməliyyatlarının keçirilməsi üçün zərurət yarana bilər. Təbii ki, bundan sonra biz düşmənin ölkəmizə qarşı müharibəyə başlamasından yox, terror və təxribatlar törətməsindən narahat olmalıyıq və oluruq. Qarabağın bir çox hissəsi dağlıqdır. Komandolar isə ən çətin relyef şəraitində tapşırıqları yerinə yetirmək iqtidarında olan və xüsusi hazırlıq görmüş hərbçilərdir. Onlar həm yüksək ağıl, ruh, fiziki qabiliyyət və cəsarətə sahib olmaqla yanaşı, həm də müasir texnologiyaları yüksək səviyyədə mənimsəmiş hərbçilər hesab olunurlar. Bu baxımdan, ölkəmizdə komanda briqadalarının yaradılması gələcəkdə ehtimal olunan erməni təxribatlarını effektiv və çevik şəkildə neytrallaşdırmaq üçün çox mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə