Ermənistanda parlament idarəetmə forması dəyişdirilməməlidir PAŞİNYAN BELƏ HESAB EDİR

Ermənistanda parlament idarəetmə forması dəyişdirilməməlidir PAŞİNYAN BELƏ HESAB EDİR

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanda parlament idarəetmə forması dəyişdirilməməlidir. SİA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri onlayn mətbuat konfransı zamanı deyib.

"İndi mənim fikrim budur ki, parlament idarəetmə forması dəyişdirilməməlidir, baxmayaraq ki, hamı belə düşünmür. Məsələn, respublika prezidentinin fikri fərqlidir. Amma mən öz fikrimdə qalıram", deyə Paşinyan bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Paşinyan konstitusiya islahatları üzrə şuranın formalaşdırılmasının başlanması haqqında fərman imzalayıb. Sənədə əsasən, şuraya ölkənin ədliyyə naziri rəhbərlik edəcək. Onun tərkibinə Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, respublikanın Ombudsmanı, Ali Məhkəmə-Hüquq Şurasının, parlament fraksiyalarının, parlamentdənkənar partiyaların nümayəndələri, ictimai təşkilatlar daxildir. Sərəncama əsasən, şura müsabiqə əsasında beş nəfərdən ibarət peşəkar komissiya yaratmalıdır. Ədliyyə nazirinə bir ay müddətində Konstitusiya İslahatları Şurasının yaradılması prosedurunu və onun fəaliyyətini hazırlayıb baş nazirin aparatına təqdim etmək tapşırılıb.

Diqqətə çatdıraq ki, Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də qəbul edilib, 2005 və 2015-ci illərdə olmaqla iki dəfə dəyişib. 2015-ci il islahatından sonra ölkə parlament idarəetmə formasına keçib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə