Həmrəylik Günü Azərbaycan diasporu üçün qiymətli tarixdir - SİYASİ EKSPERT AÇIQLADI

Həmrəylik Günü Azərbaycan diasporu üçün qiymətli tarixdir - SİYASİ EKSPERT AÇIQLADI

"Hansısa tarixi hadisənin bir günün timsalında simvollaşdırılması və bunun hər il qeyd olunan ənənəyə çevrilməsi həmin hadisənin tarixini, önəmini, məzmununu bir neçə dəfə artırır. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu qəbildən olan hadisələrdən biridir. Bu hadisə bizim tariximizdə önəmli bir dövrün açılmasına səbəb oldu. Dekabrın 31-də sərhəddə baş verən hadisələr və Azərbaycan xalqının göstərdiyi cəsarət nümunəsi həm bizim üçün bu tarixi günün simvollaşdırılmasına gətirib çıxardı, həm də tariximizə yeni bir tarixi gün əlavə etdi. Əlbəttə, bu hadisələrin bir tarixi gün kimi simvollaşdırılmasının özü də böyük bir nailiyyət idi". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu nailiyyət Heydər Əliyevin adı ilə bağlı oldu: "Təbii ki, o zaman əsasən xalq hərəkatı fəallarının sərhədlərdə Azərbaycan xalqının həmrəyliyi istiqamətində atdığı addımlar Azərbaycanın hakimiyyət strukturlarında təkrar oluna və dəstək qazana bilmirdi. Açıq-aşkar buna qarşı siyasi bir iradə var idi. Amma buna baxmayaraq Heydər Əliyev Azərbaycanın mərkəzi hakimiyyətinin o zamanki siyasi iradəsinə zidd olaraq belə bir cəsarətli addım ataraq 31 dekabr tarixini Naxçıvan Ali Məclisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi simvollaşdırılması barədə qərarın çıxarılmasına nail oldu. Azərbaycanın mərkəzi hakimiyyətindəki sağlam vətənpərvər qüvvələr də bu hadisənin dekabr ayının 31-də simvollaşdırılmasına dəstək verdilər. Heydər Əliyevin atdığı bu addım Azərbaycanın tarixində yeni bir mərhələ, dövr açmaqla bərabər, eyni zamanda bütün Azərbaycan xalqının bu simvolun ətrafında toplaşması üçün yeni bir stimul verdi".

Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bütün dünya azərbaycanlıları gördülər ki, Azərbaycan adlı bir məmləkətin haray səsi var: "Ona görə də bu hadisə dünya azərbaycanlılarına böyük təsir göstərdi. Azərbaycan dövlətində baş verən hadisələrə daha yaxından diqqət yetirmələrinə təsir göstərdi. Həqiqətən də Heydər Əliyevin təşəbbüsü ilə dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi simvollaşdırılması dünya Azərbaycan diasporunun yaranma prosesinin ilkin mərhələsi oldu və ona böyük təkan verdi. Ona görə də Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması əbədi yaşayacaq bir tarix olmaqla yanaşı, həm Azərbaycan üçün, həm də dünyaya səpələnmiş bütün Azərbaycan diasporu üçün qiymətli bir tarixdir".

Bütün xəbərlər Facebook səhifəmizdə