Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri

Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: "Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır".

Eyni zamanda, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər.

Siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.

Ümumiyyətlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional

səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb.

Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün strateji kursun həyata keçirilməsidir.

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu çoxşaxəli inkişaf və sabitliyi təmin edib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.

Azərbaycanın uğurlu xarici siyasəti sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsindən söhbət düşəndə Heydər Əliyev Fondu və şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyev Fondunun dəstəyi sayəsində Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur. Qeyd etdiyimiz kimi, ölkəmizin bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm beynəlxalq tədbirin keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun artmasına böyük təsir göstərmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq musiqi festivalında pianoçuların müsabiqəsinin keçirilməsi xalqımızın necə yüksək mədəniyyətə sahib olduğunu dünya miqyasında əyani şəkildə nümayiş etdirmişdir.

Beləliklə, əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır".

Bəli, Azərbaycanın bu gün milli gücünü artıran əhəmiyyətli amillərdən biri də məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur.

Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq!

Simuzər Məhərləmova

Xəzər rayonu, 92 N°li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə