Görkəmli tarixi şəxsiyyətlər az-az yetişir, xalqın tarixində mühüm rol oynayır, taleyində, yaddaşında yaşayır. Və həmin xalq belə şəxsiyyətlər ilə fəxr etməklə yanaşı, həm də onlarla daha çox tanınır. Bu da danılmaz həqiqətdir ki, insanlığın bu uca zirvəsinə, liderliyə çatmaq hər kəsə müyəssər olmur. Ümummilli Liderimiz Heydər Əliyevin dünyanın digər liderlərindən fərqləndirən əsas amil ondan ibarətdir ki, Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri onu əbədiyaşar Lider etmişdir.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əlçatmazlığı ondadır ki, onun düşüncələri də, əməli fəaliyyəti də təkcə yaşadığı dövrlə məhdudlaşmır, uzaq gələcəyə ünvanlanmış olur. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanı ötən əsrin 90-cı illərində düşdüyü ağır, xaosun, anarxiyanın, özbaşınalığın, aclığın, fəlakətin hökm sürdüyü faciəli günlərdən, yenicə müstəqillik qazanmış respublikamızı müstəqilliyini itirməkdən, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Onu tənəzzüldən tərəqqiyə qovuşdurdu.
Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dağıdılmış iqtisadiyyat inkişaf etdirildi. Əsrin müqaviləsi adlanan neft kontraktı imzalandı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bir sözlə, müstəqil dövlət quruculuğu prosesi uğurla həyata keçirilirdi. 2003-cü ilin ortalarında Ümummili Liderin səhətində ciddi problem yarananda Azərbaycan xalqı çox böyük narahatçılıq hissi keçirirdi. Hamını bir sual düşündürürdü: ”Görəsən Azərbaycan Ulu Öndərdən sonra hansı yolla gedəcək? Yenə də 1990-cı illərin faciəli günlərinə qayıdacaq, yoxsa Heydər Əliyev yolu ilə gedərək inkişaf edəcəkdir”.
Əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin xalqımız və millətimiz qarşısındakı əvəzsiz xidmətlərindən biri də onun müstəqil dövlətimizin gələcək inkişaf strategiyasının hazırlanması və bu strategiyanın həyata keçirə biləcək lideri-İlham Əliyevi yetişdirərək dövlətimizin sükanını etibarlı əllərə tapşırmasıdır. Ulu Öndərin İlham Əliyev haqqında dediyi “Mən ona özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim işləri, planları, taleyüklü məsələləri İlham Əliyev Sizin yaxından köməyiniz və dəstəyinizlə axıra çatdıra biləcək”. 2003-cü ildə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevin hakimiyyətə gəlişi ilə qədim və zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının tarixində yeni keyfiyyət mərhələsi başladı. Ölkə rəhbəri millətin və dövlətin qarşısında dayanan başlıca vəzifənin işğal altında olan torpaqların azad edilməsi olduğunu bildirdi. Ölkənin daxili və xarici siyasətində həyata keçirilən bütün tədbirlər bu başlıca vəzifənin yerinə yetirilməsinə yönəldildi.
İlham Əliyevin prezidentliyinin ilk 18 ilində ölkənin daxili siyasətində - dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülüb. Azərbaycan tamamilə yenidən qurulan, sosial-mədəni obyektlər, infrastruktur yaradılan, müasirləşən bir ölkəyə çevrilib, ən başlıcası, torpaqlarını işğaldan azad edib. Uğurlu xarici siyasət fəaliyyəti yürüdlüb. Azərbaycan beynəlxalq neft-qaz, enerji, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırıldığı ölkə olub, mövqeləri möhkəmlənib, nüfuzu artıb və birləşdirici güc dövləti halına gəlib. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrilib. İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazanıb. Güclü Azərbaycan dövləti qurulub.Tarixi təcrübə göstərir ki, təbii sərvətlər heç də xalqın inkişafının başlıca şərti deyildir. Əsas məsələ təbii sərvətləri milli sərvətə çevirmək və uğurla əməkdaşlıq etmək bacarığıdır. Azərbaycan rəhbəri təbii sərvətləri Milli sərvətə çevirərək xalqın və dövlətin ümumi tərəqqisinə yönəldib. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində Azərbaycan Respublikası qaz təchizatını nəinki təmin etdiyi, eyni zamanda, Avropanın tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayan kəmərlərdir. TANAP və TAP layihələri Azərbaycanın, Avropa dövlətləri və xalqları üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu göstərir.
Azərbaycan nəqliyyat təhlükəsizliyini təmin edən bir ölkədir. Böyük ipək yolu, Bakı-Tbilisi-Kars dəmiryolu kimi layihələr Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən biri halına gətirib. Çoxşaxəli nəqliyyat kəmərlərinin yaradılması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi qüdrətinin artmasına təsir edən amillərdən biri olub. Bakı-Tbilisi-Qars, Naxçıvan-Məşhəd dəmiryol xəttlərinin tikintisinin, Şərq-Qərb və Şimal-Cənub nəqliiyat-kommunikasiya xəttinin uğurla başa çatması ilə Azərbaycan dünyanın böyük nəqliyyat qovuşağı olan bir ölkəyə çeviləcək, infrastruktur inkişaf edəcək, yeni iş yerləri açılacaq, əhalinin həyat şəraiti daha da yaxşılaşacaqdır. Prezident İlham Əliyevin hakimiyyətinin ilk 18 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəlib. Azərbaycan maddi və qeyri-maddi irsi YUNESKO-nun irs siyahısına daxil edilib. Azərbaycan Prezidenti xalqının dünya mədəniyyəti yaradan bir xalq olduğunu bir daha sübut edərək, ona böyük yaradıcılıq imkanları yaradıb.
İlham Əliyevin hakimiyyəti illərində xalqın milli ruhu yüksəlib və özünəinamı artıb. Xalq və dövlət arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq qurulub. Demokratikləşdirmə, vətəndaş cəmiyyətinin qurulması məqsədi ilə geniş islahatlar həyata keçirilib. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilib. Azad mətbuat formalaşaraq inkişaf edib. İlham Əliyev əslində, dünyaya yeni bir model verib. Bu, Azərbaycan modelidir. Prezident İlham Əliyevin Azərbaycan tarixində yaratdığı möhtəşəm tədbirlərdən biri Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsidir. Bakıda keçirilən Birinci Avropa Oyunlarında 50 ölkədən 6000 mindən çox idmançının iştirak etdiyinu möhtəşəm tədbir Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynadı. 2011- ci ildə Azərbaycan Respublikasının 155 dövlətin dəstəyilə BMT təhlükəsizlik şurasına üzv seçilməsi tarixi hadisə, Prezident İlham Əliyevin xarici siyasətinin ən böyük uğurlarından idi. Azərbaycanın 2012-2013-cü illərdə dünya siyasətini müəyyən edən 15 ölkədən biri olması onun dünyada siyasi nüfuzunun artmasının bariz nümüunəsi idi. İlham Əliyev iki dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edən və nitq söyləyən ilk Prezident idi. 2013- cü ildə Azərbaycanı kosmik klubun üzvü etdi. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş uğurlu müstəqil iqtisadi siyasət və davamlı orduquruculuğu strategiyası Prezident İlham Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəlməsinə gətirib çıxardı. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident cənab İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət göstərilmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Hərbi Qənimətlər Parkının yaradılması Prezident İlham Əliyevin tariximizdə yaratdığı möhtəşəm Zəfər salnamələrindən biridir. Bu park millətin bütün nəsillərində vətənpərvərlik, dövlətçilik, torpaq sevgisi, dövlət milliyyətçiliyi və düşmənə nifrət hissi aşılayacaq. Parka gələn Azərbaycan vətəndaşları öz tarixləri ilə fəxr edəcək, xaricilər isə Azərbaycan dövləti və millətinin qüdrətini görəcəklər. Ümumiyyətlə, Prezident İlham Əliyevin müstəqil Azərbaycan tarixində yaratdığı möhtəşəm Zəfər salnaməsinin başlıca ibrət dərsləri ondan ibarətdir ki, millətimizin qarşısına qoyduğu məqsədlərinə çatmasının təməlində sabitlik, davamlı inkişaf, güclü dövlət və qüdrətli dövlət rəhbəri amilləri dayanır. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu zəfər Azərbaycanın gücünü və qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu tarixi və Şanlı Qələbə Heydər Əliyev siyasətinin, ideyalarının təntənəsi, qələbəsi idi. Bu möhtəşəm qələbə ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin, diplomatiyasının qələbəsi idi. 2003- cü ildən ölkəyə rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyev ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etdi. Neftdən gələn gəlirlər hesabına iqtisadiyyatımızın digər sahələri inkişaf etdirildi, çoxsahəli iqtisadiyyat formalaşdırıldı. Təsadüfi deyil ki, 10 ildən çox bir müddətdə Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider oldu. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bəli, iqtisadi sahədə əldə olunan nailiyyətlərdən ilk növbədə xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına, müharibə şəraitində yaşadığımız üçün Ordu quruculuğuna, hərbi sənayeyə sərf olundu. Ordumuz ən müasir silahlarla təchiz edildi. 44 günlük müharibədə dünya hərb tarixinə yeni, Azərbaycan hərb tarixinə Şanlı səhifə yazan, düşməni məhv edən, qüdrətli Azərbaycan ordusu formalaşdı. Nəyi, necə, nə zaman etməyi çox yaxşı bilən Müzəffər Ali Baş komandan möhtərəm Prezidentimiz İlham Əliyev düşmən təxribatına cavab olaraq 2020-ci ilin sentyabr ayının 27-də irəli komandası verdi. Bütün Azərbaycan xalqı harada yaşamasından asılı olmayaraq ölkə Prezidenti İlham Əliyevin düşmənin belini qıran, başını əzən “Dəmir yumruğu” ətrafında sıx birləşərək milli birlik nümayiş etdirdi. Şanlı qələbəmiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi, Şanlı Ordumuzun peşəkarlığı, rəşadəti, qəhrəmanlığı sayəsində qazanılmışdır. Müzəffər Prezidentimiz, qalib Ali Baş Komandanımız xalqımızı “Dəmir yumruq” ətrafında sıx birləşdirərək Ata vəsiyyətini şərəflə yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etdi, Azərbaycanın suverenliyini bərpa etdi. Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdıran zaman Müzəffər Ali Baş Komandanımız İlham Əliyev demişdir ki, xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Ümummilli Lider Heydər Əliyevi, qalib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi var!
Füzuli Gülaliyev,
YAP Qobustan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB