Prezidentin müsahibəsi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edir - MÜNASİBƏT BİLDİRİLDİ

Prezidentin müsahibəsi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edir - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin hər bir müsahibəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edir. İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi də məhz bu qəbildəndir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, müsahibə ilə tanış olduqda görürük ki, burada əsasən iki istiqamət mövcudur: "Birincisi, postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və bu fonda Ermənistanın ölkəmizə qarşı uzun illər ərzində apardığı işğalçılıq siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, ikinci istiqamət isə Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq miqyaslı enerji layihələri nəticəsində Avropada, eləcə də dünyada etibarlı tərəfdaş ölkəyə çevrilməsidir. "İl Sole 24 Ore" qəzeti İtaliyanın ən böyük siyasi qəzetidir və bu müsahibə ilə Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərini daha böyük auditoriyaya çatdırmış oldu.

Müsahibəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səylərini yüksək qiymətləndirən ölkə başçısı sülh prosesinə dəstəyin verilməsinin əhəmiyyətindən bəhs etmişdir. Yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də öz həllini tapmayıb, deyə vurğulayan cənab Prezident İlham Əliyev Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusunun Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. Baxmayaraq ki, münaqişə bitib rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir. Belə ki, müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Azərbaycanlıların Ermənistanın mina terrorundan əziyyət çəkdiyini əsas gətirən ölkə başçısı bildirmişdir ki, Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistan tərəfindən işğalda olan ərazilərimizdə 1 milyona yaxın mina basdırılıb. Ermənistanda heç bir dağıntı yoxdur, çünki bu ölkə işğal edilməmişdi, Ermənistan özü işğalçı idi. Bütün bunlara rəğmən Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər, deyə Prezident cənab İlham Əliyev “İl Sole 24 Ore” qəzetinə müsahibəsində qeyd etmişdir".

Cavid Osmanov həmçinin qeyd edib ki, müsahibədə diqqət çəkən məqamlardan biri də cənab Prezidentin ATƏT-in Minsk qrupunun 28 illik uğursuz fəaliyyəti haqqında olan fikirləridir: "ATƏT-in mandatına əsasən Minsk qrupu 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Minsk qrupu ötən il noyabrın sonunadək, Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi. Minsk qrupunun fəaliyyəti uğursuz idi. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi.

İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində ikinci əsas istiqamət isə Azərbaycanın həyata keçirdiyi uğurlu enerji layihələri haqqında olan fikirlərdir ki, burada da Cənub Qaz Dəhlizi layihəsi mühüm yer tutur. Sözügedən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur və Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və bahalı layihədir. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır. Azərbaycanın təşəbbüskarı və əsas icraçısı olduğu enerji layihələri ölkəmizi Cənubi Qafqazda lider dövlətə, dünyada isə əsas söz sahiblərindən birinə çevirmişdir ki, bununla da tərəfdaş ölkələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Cənab Prezident İlham Əliyev müsahibəsində İtaliyanın dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olduğuna diqqət çəkir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Azad edilmiş ərazilərdə İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr mövcuddur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə