“Azərbaycan silahlı qüvvələri istənilən təxribatların qarşısını almağa hazırdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan silahlı qüvvələri istənilən təxribatların qarşısını almağa hazırdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“14-16 dekabr tarixlərində Brüsseldə "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bir necə əhəmiyyətli görüşlər keçirdi. Birmənalı olaraq demək olar ki, Prezident İlham Əliyev növbəti dəfə diplomatik qələbə qazandı”. Bunu millət vəkili Cavid Osmanov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, istər görüşlərdən sonra səslənmiş fikirlər, verilmiş bəyanatlar ,istərsə də məhz artıq "Zəngəzur dəhlizi" məsələsində dəmiryolu xəttinin çəkilməsinin Ermənistan tərəfindən də təsdiqlənməsi əlbəttə ki, Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməlidir: “Eyni zamanda, Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhz növbəti informasiya cəbhəsində də qələbəmiz oldu. İstər İspaniyanın, istər İtalyanın tanınmış qəzetlərinə verdiyi müsahibələrdə bir daha İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında çox mühüm bir platforma kimi istifadə edə bildi. Soçi və Brüssel görüşlərindən sonra artıq bir daha ona əmin olduq ki, məhz Azərbaycan yaratdığı reallıq dünya tərəfindən qəbul olunur və hər kəs də bu reallığa uyğun öz siyasətini qurmağa çalışır. Ermənistana gəldikdə isə, təxribatlara meylli bu ölkənin daxilində olan o gərginlik, qeyri-stabil ictimai siyasi vəziyyət vahid bir komandanlığın formalaşmamasından xəbər verir. Heç şübhəsiz Ermənistan tərəfindən ayrı-ayrı qüvvələrin o cümlədən hərbi-siyasi rəhbərlik tərəfindən də hansısa bir məsələlərə süni əngəllər törətmək və hansısa bir məsələnin vaxtında həll olunmasının qarşısını almaq məqsədi ilə müəyyən təxribatlar törədilə bilər”.

C.Osmanov onu da bildirib ki, istənilən təxribatı Ermənistana növbəti uğursuz bir addım olur: “Azərbaycan silahlı qüvvələri istənilən təxribatların qarşısını almağa hazırdır və qadirdir. Biz bu günə kimi də görmüşük ki, Ermənistan tərəfindən son bir il ərzində bir necə dəfə təxribatlar törədilməyə cəhd olunub və törədilib, amma Azərbaycan bunun qarşısını qətiyyətlə alıb. Bir sözlə, Ermənistan yaxşı başa düşür ki, onların daha böyük təxribatları Azərbaycan tərəfindən daha qətiyyətlə alınacaq. Bu da Ermənistanın özünün sonunu gətirə bilər. Eyni zamanda, Azərbaycan tərəfi hər zaman böyük sülh müqaviləsinin imzalanması məsələsinə öz sadiqliyini nümayiş etdirib və bununla bağlı bir necə dəfə çağırışlarda edib. Bildiyiniz kimi, həm sərhədlərin demarkasiya və delimitasiyası, həm qarşılıqlı ərazi bütövlüyün tanınması və o cümlədən sülh müqaviləsinin imzalanması kommunikasiyaların açılması Vətən müharibəsi bitəndən sonra Azərbaycan Prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilib. Bölgədə uzunmüddətli sülhün əmin-amanlığın təmin olunması üçün əlbəttə ki, sülh müqaviləsinin imzalanması ən vacib məsələdir. Amma buna kimi sərhədlər müəyyənləşməlidir, qarşılıqlı ərazi bütövlüyü tanınmalıdır və ondan sonra bütün kommunikasiya-nəqliyyat xətləri açılmalıdır və eyni zamanda sülh müqaviləsi də imzalanmalıdır. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə apardığı məqsədyönlü siyasət öz məntiqli nəticəsini verəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə