Nəqliyyat kommunikasiyaları açılır? - EKSPERT RƏYİ

Nəqliyyat kommunikasiyaları açılır? - EKSPERT RƏYİ

“Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdə olarkən maraqlı fikirlər səsləndirib. O, Azərbaycanla avtomobil əlaqəsinin mümkünlüyünü bəyan edib: “Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş görüşlərin yekununda bu barədə razılıq əldə etmək mümkün olub”. Həmçinin, Paşinyan dəmiryolunun çəkilməsinin 2-3 ilə tamamlanacağını vurğulayıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, baş nazirin açıqlamaları bizim maraqlarımıza və regionunun təhlükəsizliyinə uyğundur: “Görünür, Paşinyan artıq reallıqlarla barışmalı olub. Diqqətçəkən məqam başqadır. Belə ki, Paşinyanın sözlərinə görə, həm Soçidə, həm də Brüsseldə bu barədə razılıq əldə olunub. Son vaxtlar xüsusilə Qarabağ mövzusunda Rusiya ilə Qərbin mövqelərinin üst- üstə düşmədiyi məlumdur. Bəs necə oldu ki, onlar indi razılığa gəldilər? Xüsusilə nəzərə almaq lazımdır ki, nəqliyyat kommunikasiyalarının bərpası Moskvanın regiondakı təsir qüvvəsinin xeyli azalması deməkdir. Əlbəttə, bunu Moskva özü də yaxşı anlayır. Elə isə, doğrudanmı, Qərb Moskvanı sıxışdırır? Buna inanmaq da çətindir. Ən azından ona görə ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması xüsusilə Vaşinqton və Parisin regionla bağlı strateji maraqlarına uyğun deyil. Eyni ilə Kreml kimi Qərb üçün də əlverişlisi Cənubi Qafqazdakı xaotikadır. Çünki onlar ancaq bu yolla, vasitəçilik statusu ilə bölgədəki mövcudluqlarını qoruya bilərlər. Öz işimizi özümüz görəcəyiksə, daha hansısa üçüncü qüvvəyə nə ehtiyac var?”.

K.Novruzov vurğulayıb ki, proseslərdə Türkiyənin "xeyir- dua"sının olması mümkündür: “Ankara- İrəvan münasibətlərinin yeni mərhələyə keçdiyini nəzərə alsaq, bu ehtimal qətiyyən istisna deyil. Həm də regionda kommunikasiyaların açılması məhz qardaş dövlətin xarici siyasət kursu ilə üst- üstə düşür. Şübhəsiz, Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ermənistan hakimiyyətinin Azərbaycanla bağlı loyal bəyanatlar səsləndirməsi o qədər də təəccüblü deyil. Ən mühüm məqamlardan biri də Paşinyanın bu bəyanatları Gürcüstandakı görüşlərdən sonra səsləndirməsidir. Doğrudur, Tbilisi regionda aparıcı aktor deyil, lakin, görünür, o da kommunikasiyaların bərpasını məqsədəuyğun hesab edir. İranın hələlik susqunluğu gözləniləndir. Ancaq çox güman, yaxın zamanda Tehranın da baş verənlərlə bağlı mövqeyini görəcəyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə