Prezident İlham Əliyev: "İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir" TƏHLİL
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni təcavüzkarlarından azad edərək işğala son qoydu. Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərimizə səfəri zamanı erməni faşistlərinin törətdiyi vəhşiliklərlə tanış olur, öz tapşırıq və göstərişlərini verir. Dövlət başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları qeyd olunmalıdır. Artıq Füzulidə beynəlxalq hava limanlarının açılış olub. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilib. Əlbəttə ki, belə irimiqyaslı lahiyələrə start verilməsi işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda baş verən proseslər dünyanın diqqətindən kənarda qalmadığı kimi, bu gün də regiondakı vəziyyət və müharibədən azad olunan ərazilərimizdə aparılan abadlıq və quruculuq işləri və s. diqqətdən kənarda deyil.
"DOST ÖLKƏ OLARAQ İTALİYA BİZİM AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ FƏALİYYƏT GÖSTƏRMƏK ÜÇÜN DƏVƏT ETDİYİMİZ İLK ÖLKƏLƏRDƏN BİRİ OLUB"
Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə Azərbaycana dost olan ölkələr yenidənqurma işlərinə töhfə verəcəklər. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, Çin, İsrail, Belarus kimi dövlətlər ərazilərimizin bərpası prosesində iştirak etmək arzularını ifadə ediblər və hazırda bəzi ölkələr qeyd olunan ərazilərdə reallaşan layihələrin icrasında iştirak edirlər. İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişafının nəticəsi olaraq İtaliya da tariximizin çətin zamanında ölkəmizlə həmrəylik nümayiş etdirdi. Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. "İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri olub". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibə verərkən bildirib. Son illərdə ölkələr arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəltmişdir. Azərbaycan ilə strateji tərəfdaş olan İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda sənədlər mövcuddur.
"İndi isə Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq" – deyən Cənab Prezident bildirib ki, eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya. Dövlət başçısı bildirib ki, biz tərəfdaşlığımızı nümayiş etdirmək üçün və italyan şirkətlərinin yüksək səviyyəli fəaliyyətini, zövqünü və ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, məhz buna görə italyan şirkətini dəvət etdik. İtalyan şirkətlərinin azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrində iştirakını qeyd edən dövlət başçısı Prezident Mattarellanın ölkəmizə səfəri zamanı birlikdə italyan şirkəti tərəfindən tikilmiş neft-kimya zavodunun açılışını etmələrini diqqətə çəkib: "İndi isə eyni şirkət bizim neft emalı zavodumuzun yenidən qurulması üzərində fəal şəkildə işləyir. Bunlar bir neçə milyardlıq layihələrdir. Bu sahələr sənaye, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri, geniş diapazonlu məsələlərdir. Bir daha qeyd edirəm, bu, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir".
"BİZ İTALYAN MEMARLARINI ŞUŞADAKI TARİXİ ABİDƏLƏRİMİZİ VƏ MƏSCİDLƏRİMİZİ BƏRPA ETMƏK ÜÇÜN DƏVƏT ETMİŞDİK"
İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində italyan şirkətləri də çox fəallıq göstərəcəklər. Azərbaycana dost olan İtaliya şirkəti ilə enerji istehsalı barədə də müqavilə imzalanıb. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün böyük potensial var. Bunlar yenilənən enerji mənbələrindən - su, günəş və küləkdən alınan enerjilərdir. Ölkəmiz azad olunmuş ərazilərdə İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də yararlanmaq niyyətindədir.
"Sizə deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var" – deyən Cənab Prezident qeyd edib ki, biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir. Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Dini məkanlar isə hər kəs üçün müqəddəsdir. Bu, çox yüksək səviyyəli etimaddır".
"ŞUŞANIN DİRÇƏLDİLMƏSİ SÜRƏTLƏ GEDİR VƏ ŞUŞALILAR ŞUŞAYA QAYIDIRLAR"
Bildiyimiz kimi, artıq Şuşanın baş planı təsdiq edilib və birinci mərhələdə orada üç, dörd və beşmərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulub. Bu ilkin mərhələrdə şuşalıların doğma torpağa qayıtmaları üçün planlaşdırılıb. Əlbəttə ki, baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulub. Baş plana əsasən, Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq və məhəllələr üzrə əhali sayı 2020 nəfər müəyyənləşib. Bəli, Şuşanın bərpası istiqamətində kifayət qədər işlər görülüb. Şuşanın elektrik təsərrüfatı, su xətləri bərpa olunub. Tarixi dini-mədəni abidələrimiz bərpa və təmir olunur. Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulub, Bülbülün evinin açılışı olub. "Qarabağ" hoteli əsaslı təmirdən sonra istifadəyə verilib. Bütün bu və digər layihələr qısa bir zamanda icra olunub. di. Görülən işlərin davamı olaraq yeni yaşayış kompleksinin təməli də qoyulub. Prezidentin vurğuladığı kimi, "Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB