Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir - MƏQALƏ

Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir - MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti Vətən müharibəsi qələbə ilə bitdikdən sonra dünyanın bir sıra aparıcı media qurumlarına müsahibə vermiş, haqq səsimizi dünyaya çatdırmışdır. Bu dəfə də İtaliyanın məşhur “İl Sole 24 Ore” qəzeti İlham Əliyevdən müsahibə götürmüşdür. Müsahibədə region, eləcə də Azərbaycan üçün əhəmiyyətli olan bir çox məsələlər işıqlandırılmışdır.

Əvvəlcə Prezident müharibədən sonrakı dövrdə iki öllkə arasındakı münasibətlərin normallaşmasında Avropa ittifaqının roluna toxundu. O, qeyd etdi ki, Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmlidir. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.

Müharibə bitdikdən sonra regionun inkişafına təsir edəcək mühüm qərarlar qəbul edildi. O qərarlardan biri dəmir yolu xəttinin çəkilişi idi. Lakin çox vacib olan Bəyanatın bu hissəsinin icrası, təəssüf ki, Ermənistan tərəfindən olduqca ləng gedir. Biz isə artıq işlərə başlamışıq və 2023-cü ildə dəmir yolu xəttinin azad olunmuş ərazilərdən keçəcək olan hissəsi tam hazır olacaq.

Ermənistan tərəfi minaların xəritəsini verməməklə müharibədən sonra da hərbi cinayətlərə davam edir. Belə ki, ötən bir il ərzində 200 nəfərədək vətəndaşımız minalara düşərək həyatını itirmişdir və ya xəsaeət almışdır. Təəssüf ki, minalardan təmizlənmə arzumuz hələ də öz həllini gözləyir. Avropa İttifaqının bu məsələdə yardımçı olmaq arzusu Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycana və Ermənistana ayrılmış yardım paketlərinə də toxunan İlham Əliyev bunun vahid standartlara əsaslanmadığını qeyd etdi. Həm əhali sayı baxımından, həm də dağıntılara məruz qalmaq baxımından bu paketin ədalətsiz və vahid standartlara uyğun olmadığı bildirildi.

Prezident bildirdi ki, Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirməlidir. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycana gələrək işə başlaya bilərlər. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Minalar təmizlənməsə, insanların geri qayıdışını təmin etmək mümkünsüzdür.

Minsk qrupunun fəaliyyətinə də toxunan İlham Əliyev qeyd etdi ki, ötən 28 il ərzində onların fəaliyyəti uğurzuz olmuşdur.

Azərbaycan xalqı həmsədrlərin səfərlərindən yorulmuşdu. Onlar Ermənistana qarşı heç bir sanksiya tətbiq etməmişdilər, onları Azərbaycan ərazilərindən çıxmağa yönəlmiş, məcbur etmiş heç bir addım atmamışdılar. Bu isə onların növbəti ikili standart göstərməsinin açıq nümunəsidir.

Azərbaycan - İtaliya əlaqələrindən danışarkən Prezident bildirdi ki, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə tarixi abidələrin, tikililərin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər

Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Azad edilmiş ərazilərdə İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr mövcuddur.

Sonda nəqliyyat sektoru haqqında danışan İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq.

Həmçinin nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlardan biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir.

Beləliklə, bu müsahibə ilə Prezident İlham Əliyev Avropa oxucusuna regionda gedən proseslər haqqında ətraflı, dolğun, düzgün informasiya ötürmüş və bəzi dövlətlərin Azərbaycana qarşı ədalətli olmayan, demokratik olmayan, ikili standatlara əsaslanan qərarlar qəbul etdiyini onlara bildirmişdir.

Seyran Cəfərli

Xəzər rayonu, İ.Muradov adına 237 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə