Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident İlham Əliyev tərəfindən son 18 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülən işlərin nəticəsidir: "Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik".
Dövlət başçısı çıxışı zamanı onu da bildirdi ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq".
Bəli, Ali Baş Komandan 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün bu Qələbə qazanıldı.

BU QƏLƏBƏ “GÜCLÜ ORDU - GÜCLÜ DÖVLƏT” STRATEGİYASININ VƏ “DƏMİR YUMRUQ” SİYASƏTİNİN NƏTİCƏSİDİR
Bəli, bu qələbə Prezident İlham Əliyevin “nəyi nə vaxt, necə etmək lazım olduğunu bilərək, “Güclü ordu - güclü dövlət” strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsidir. Çünki dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdi. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Son 18 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Bəli, Prezident İlham Əliyevin nəyi necə və vaxt etmək lazım olduğunu çox yaxşı bildiyi siyasətin nəticəsi budur. Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Bəli, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Və 2022-ci il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrılıb. 2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılması nəzərdə tutulub.
Prezident İlham Əliyev aprelin 12-də Hərbi Qənaət Parkının açılışında çıxış zamanı da ordumuzun gücünü qeyd edərək bildirib ki, danışıqlar masasında prinsipiallıq göstərərək, güclü ordu yaradırdıq: “Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.
Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu.
Bir sözlə, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi və bu zəfərlə yürütdüyü 18 illik - “Güclü ordu - güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Və növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.
Bu gün Qalib Liderimiz, Azərbaycan Prezidenti İlham Əliyevin şərəfli 60-cı ildönümündə, bütünlüklə bütün ömür səhifələrinə möhkəm can sağlığı və xoşbəxtlik, davamlı uğur və qələbələr yazılmasını arzulayıram.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB