Brüssel görüşü davamlı olmalıdır - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Brüssel görüşü əvvəldən gözlənilən nəticələri təqribən ortaya qoydu. Yəni Paşinyanın Brüsseldə daha rahat, inamlı şəkildə ikitərəfli dialoqun aparılmasına cəhd edəcəyi gözlənilən idi və elə də oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, hər iki ölkə başçısı bu görüşdə mövcud olan problemləri daha rahat şəkildə müzakirə etmək imkanı əldə etdilər: “Bundan əvvəlki görüşlər isə Brüssel görüşü kimi nəticəni ortaya qoymağa imkan vermədi. Paşinyanın Brüsseldə Ermənistan vasitəsilə Naxçıvan və Azərbaycan arasında dəmiryolu xəttinin inşası ilə bağlı verdiyi razılıq və bir çox məsələlərdə ortaq razılığa gəlinməsi onu göstərir ki, deməli bəzi məsələlərdə Rusiyanın mövqeyi təsir edirdi. Ermənistan münaqişənin normal vəziyyətə düşməsi məsələsində hardasa Qərbə daha çox arxalanır. Eyni zamanda ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmağa başladı. Bu o deməkdir ki, artıq regiondakı proseslər istədiyimiz məcraya doğru yavaş-yavaş yönəlməyə başlayıb. Hesab edirəm ki, bundan sonrakı mərhələdə gedəcək danışıqlar və əldə olunacaq nəticələrə uyğun olaraq biz regionda sülhün və sabitliyin qorunub-saxlanmasına töhfə verəcək addımlarla rastlaşa bilərik. Düşünürəm ki, Brüssel görüşü davamlı olmalıdır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB