Azərbaycanla NATO arasında tərəfdaşlıq regional təhlükəsizlik və sabitliyə töhfədir ŞƏRH
Azərbaycanın müstəqil dövlət olaraq nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri onun xarici siyasətində xüsusi önəm kəsb edir. Bir çox beynəlxalq təşkilar kimi Azərbaycan, həmçinin, NATO və Avropa Birliyi kimi qurumlarla davamlı olaraq əməkdaşlıq əlaqələrini genişləndirməsinə diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Əlbəttə ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır.
Ötən müddətdə Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiyməyləndirilir. Məlumdur ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başladı və cari ilin avqustun sonunda onu bitirdi. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. Ölkəmizlə NATO arasında mövcud olan əlaqələr və Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində alyansın nümayəndələri ilə uğurlu görüşləri onu deməyə əsas verir ki, ikitərəfli münasibətlər gələcəkdə də inkişaf edəcək. Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri getdikcə daha da möhkəmlənir. "Bu gün Azərbaycan NATO-ya üzv dörd ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər"- deyən Prezident İlham Əliyev qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığın regional sabitlik, təhlükəsizlik üçün də mühüm əhəmiyyəti var. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəsna rolu var. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası genişlənə bilər. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində NATO-nun Baş katibi ilə görüşməsi və Alyansın Şimali Atlantika Şurasının iclasında iştirak etməsi 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyəti, eyni zamanda, ölkəmizlə transatlantik alyans arasında münasibətləri müzakirə etmək baxımından əhəmiyyət kəsb edir.
Bu gün bütün dünya görür ki, Azərbaycan sülhə və sabitliyə, əmin-amanlığıa töhfə verən dövlətdir. Dövlət başçısının dünyanın mötəbər tribunlarından çıxışı və dövlətimizin maraqlarını beynəlxalq ictimaiyyətə çatdırması əlbəttə ki, Azərbaycanın sülsevər siyasəti ətrafında olan fikirləri daha da dərinləşdirir. "Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədini daşıyır", - deyən Prezident İlham Əliyev bildirib ki, bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir: "Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik".
Bildiyimiz kimi, Zəngəzur dəhlizi regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını genişləndirməkdə rol oynayacaq. Əlbəttə ki, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində böyük Qələbəmizə nail olduq. "Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir", - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik".
Xüsusi olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, eləcə də, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü postmünaqişə dövrünün reallıqlarını ortaya qoydu. Bu gün azad edilmiş ərazilərdə partlamamış minaların mövcudluğu ən problemli məsələlərdəndir. Azərbaycanın mülki vətəndaşları minalardan əziyyət çəkməsi və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olması və ya yaralanması xoşagəlməz vəziyyət yaradıb. Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacib məsələlərdəndir. Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Bundan başqa, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir. Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi diqqət çəkəndir. Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir. Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə edilmişdir. Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaqdır. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir.
2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.
Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Qeyd edək ki, Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq uğurla inkişaf edir. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan qazı artıq Aİ-nin üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Aİ-nin digər üzv ölkələrinə genişləndirilə bilər. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin də tərəfdarıdır. Bu qurum dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlı prinsipi əsasında təşkil olunmasını birmənalı olaraq dəstəkləyir.
Bu, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair Bəyanatında da öz ifadəsini tapır. Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına üzv dövlətlərin qəbul etdiyi birgə Bəyannamədə Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir.
Şərq Tərəfdaşlığı regionda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur. Təbii ki, bu məqamlar tamamilə Azərbaycanın postmünaqişə gündəliyinə uyğundur. Bununla yanaşı, sənəddə Şərq Tərəfdaşlığı regionda münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunur. Əlbəttə ki, bütün bunlar Ermənistan rəhbərliyinə daha bir xəbərdarlıqdır. Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət nəticəsində məğlub olduğunu bir daha dərk etməlidir. Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması üçün işlərin görülməsi zərurətdir və bunun alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında, eləcə də masa arxasında artıq təmin edib.
AZƏR SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB