“Delimitasiya və demarkasiya məsələləri istiqamətində real addımlar atılır” ÖZƏL-MÜNASİBƏT

“Delimitasiya və demarkasiya məsələləri istiqamətində real addımlar atılır” ÖZƏL-MÜNASİBƏT

“Brüssel danışıqları bir daha göstərdi ki, dünya birliyi Cənubi Qafqazı əməkdaşlıq bölgəsinə çevirməkdə israrlıdır. Bu, Ermənistanda “revanş xəyalları” quran qüvvələrin Rusiyadan sonra Avropaya bəslədikləri ümidlərin puç olması demək idi”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, ikitərəfli və üçtərəfli formatda görüşlər keçirən liderlər Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara sadiqliklərini bir daha bəyan etdilər: “Eyni zamanda, Brüsseldə Naxçıvanla Azərbaycanın əsas hissəsini bağlayacaq dəmir yolu xəttinin inşasını sürətləndirmək barədə qərar qəbul olundu. Digər tərəfdən, son günlər delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın yaradılması istiqamətində real addımlar atılmağa başladı. Bir mühüm dəyişiklik də Türkiyə-Ermənistan arasında ikitərəfli danışıqları aparmaq üçün xüsusi nümayəndələrin təyin olunması və onların fəaliyyətə başlaması oldu”.

Abutalıb Səmədov onu da bildirdi ki, bütün bu müsbət dəyişikliklər sərhəddə və Qarabağda baş verən təxribatlara son qoyacaqmı? Şübhəsiz ki, yox. Sabitliyin, əməkdaşlıq mühitinin yaranmasını istəməyən qüvvələr Ermənistanda kifayət qədərdir və onlar təxribatlar törətməyə çalışacaqlar: “Digər tərəfdən, N.Paşinyan ordu üzərində tam nəzarəti hələ də təmin edə bilməyib və bunun nəticəsində sərhəddə müəyyən insidentlərin olması istisna edilmir. Ara-sıra yenə də belə təxribat cəhdləri olacaq. Ancaq bir şeyi dəqiq söyləmək olar ki, bu təxribatların sayı kəskin şəkildə azalacaq, razılaşmaların icrası məqsədilə fəaliyyət güclənəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə