Azərbaycanın daha bir uğuru: BMT Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyir

Azərbaycanın daha bir uğuru: BMT Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyir

Bu, dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir

Azərbaycan bir çox müstəvidə olduğu kimi, pandemiyaya qarşı mübarizədə də liderliyini möhkəmləndirir. Artıq beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir.

Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib. 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs verməyib. Bu, Azərbaycanın mövqeyinin nə dərəcədə güclü olduğunun göstəricisidir.

PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ AZƏRBAYCAN HƏR KƏSƏ ÖRNƏK NÜMUNƏSİDİR

Pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi” hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə pandemiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir sıra qlobal təşəbbüslərlə çıxış edərək qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Bu sırada dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabrında 150-dən çox ölkənin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Bununla yanaşı, xatırlayırsınızsa, koronavirusa qarşı vaksinlərin yeni istifadəyə buraxıldığı dövrdə bəzi ölkələr “peyvənd millətçiliyi” edərək onların bölünməsində qeyri-bərabərliyə üstünlük verirdilər. Əlbəttə, dünyada qlobal gücə çevrilən Azərbaycan rəhbərinin diqqətindən bu məqam yayına bilməzdi. Nəticədə, Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin martında yekdilliklə qəbul olunub.

Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə qlobal səviyyədə liderliyini davam etdirir. Çünki Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaxasını kənara çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində hətta dünyaya da öz töhfəsini verdi. Pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Bəli, 2020-ci il, noyabrın 10-u. Azərbaycan Xalq-İqtidar-Ordu birliyi ilə Qarabağa qovuşdusa, tarixi ədalət bərpa olundusa, Qarabağ problemimizin Qalib Nidası qoyuldusa, pandemiyaya qarşı mübarizədə də bir olmalıyıq. Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin atdığı hər bir uğurlu addımı xalqımızda nikbinlik yaradır. Xalqımızın öz Prezidenti ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. «Biz birlikdə güclüyük» şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib.

İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq. Dövlət başçımızın dediyi kimi: ««Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq».

AZƏRBAYCAN MDB-DƏ COVID-19 ƏLEYHİNƏ VAKSİNASİYA SƏVİYYƏSİNƏ GÖRƏ LİDERDİR

Prezident İlham Əliyevin dediyi kimi: "Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur". Bu, aksiomadır. Bu gün bütün sahələrdə nümunə göstərən Azərbaycan bölgənin lider dövlətlərindən olaraq pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur.

Qeyd edək ki, dünyanın bir çox ölkəsi ötən ilin dekabrından əhalini koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlayıb. Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda tam sürətlə davam edir. MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən, regionda peyvəndləməyə ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır.

PREZİDENT İLHAM ƏLİYEV: «DÜNYADA PEYVƏNDLƏRİN BÖLÜŞDÜRÜLMƏSİNDƏ MÜŞAHİDƏ EDİLƏN AYRISEÇKİLİK MƏYUSLUQ YARADIR»

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaratdığını deyib. Azərbaycan Prezidenti dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırıb.

Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayıb. Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə təmənnasız olaraq COVİD-19 əleyhinə vaksinlər göndərib.

Heç təsadüfi deyil ki, Prezidentt İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü "Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi" adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması ayrıseçkiliyi göstərən ilk çıxış idi. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qəbul edilən qətnaməyə bitərəf olan 7 ölkədən birinin Ermənistan olması heç də təəccüblü deyildi. Bu, Ermənistanın bütün məsələlərə siyasi prizmadan baxmasının, Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının daha bir bariz nümunəsidir. Hazırda isə regionda ən effektiv mübarizə üsulunu məhz Azərbaycan həyata keçirir.

Heç təsadufi deyil ki, Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Həmçinin, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınaması və Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini elan etməsi də, məhz ölkə liderinin uğurudur.

“ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI AZƏRBAYCANI PANDEMİYA İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRMIŞDIR”

“Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir”,-deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.

Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, 2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunması Azərbaycanın qazandığı beynəlxalq uğurdur.

Beləliklə, Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapdı. İlham Əliyevin humanitar prinsiplərdən çıxış edərək ədalətsiz bölgüyə qarşı sərt mövqeyi qlobal aləmdə rəğbətlə qarşılandı və Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə daha da güclənməsinə töhfə vermiş oldu. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması (2019-cu ilin oktyabrından sədrdir) Bakının qlobal çağırışlara münasibətdə daha aktiv rol oynayacağına gətirib çıxaracaq. Artıq Azərbaycan lider dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir.

Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 18 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə